16 fevral tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) ötən il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.
FED.az xəbər verir ki, 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb.
Bu barədə məlumatı Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov verib.
Fəaliyyətə başlayan müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 135 milyon manatdan artıq investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb. Bu müəssisələr polimer qatqıların, keramik plitələrin, qablaşdırma məhsullarının, istilik izolyasiya lövhələrin, nəqliyyat vasitələri üçün əyləc bəndlərin və s. məhsulların istehsalı ilə məşğul olurlar.
2024-cü il ərzində isə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
Seymur Adıgözəlov çıxışında bildirib ki, bu müəssisələrdə ümumilikdə, təqribən 1 000 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.