Bu gün Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə Ukraynanın "INOVEST" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, memorandum Ələt Azad İqtisadi Zonasında yüksək əlavə dəyər yaradan yeni istehsal müəssisəsi yaradılmasını nəzərdə tutan investisiya layihəsi üzrə əməkdaşlığı əhatə edir.
Layihənin həyata keçirilməsi məqsədilə Ələt Azad İqtisadi Zonasında "Inovest AFEZCO" şirkəti yaradılıb.
Layihə çərçivəsində silisium karbid, silisium oksid və silisium istehsalı müəssisəsinin qurulması nəzərdə tutulur. İstehsal olunacaq məhsullar əsasən yarımkeçirici, elektronika və digər yüksək texnologiyalı sənaye sahələrində istifadə üçün nəzərdə tutulur.
Layihə üzrə ilkin investisiya məbləği 20 milyon avro təşkil edir. İlkin mərhələdə 100 yeni iş yerinin yaradılması, istehsal gücünün artırılması ilə isə əlavə iş yerlərinin açılması planlaşdırılır.












