Daşkəsən dəmir filizi layihəsi çərçivəsində İsti Briketlənmiş Dəmir (İBD) istehsalı üçün iri zavodun yaradılması planlaşdırılır.
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Dövlət Proqramının yekun hədəfinə əsasən, müəssisə istismara verildikdən sonra illik 2 milyon ton İBD istehsal gücü yaradılmalıdır.
İBD polad istehsalında xammal kimi istifadə olunur. Proqramda istehsal edilən İBD-nin müəyyən hissəsinin mərhələli şəkildə yerli metallurgiya müəssisələrinə yönəldilməsi nəzərdə tutulur.
Bu yanaşma ölkədə hazırda idxal olunan pəstah və digər xammaldan asılılığın azaldılması istiqamətində əsas layihələrdən biri kimi nəzərdə tutulub.
İBD zavodu üçün magistral qaz kəmərinin 69 kilometrlik hissəsi əsaslı təmir ediləcək
Azərbaycanda yaradılması planlaşdırılan İBD zavodunun fasiləsiz təbii qazla təmin edilməsi üçün “Qazıməmməd-Qazax” magistral qaz kəmərində iri təmir layihəsi həyata keçiriləcək.
Dövlət Proqramının Tədbirlər Planına əsasən, magistral qaz kəmərinin I xəttinin 69 kilometrlik hissəsi əsaslı təmir olunacaq. Layihənin icra müddəti 2027–2028-ci illər müəyyən edilib.
Əsas icraçı SOCAR olacaq. Azərbaycan İnvestisiya Holdinqi və İqtisadiyyat Nazirliyi digər icraçılar sırasında göstərilib.
Layihənin yekun məqsədi İBD müəssisəsinin yüksək həcmli, etibarlı və fasiləsiz qaz təchizatını təmin etməkdir.












