İqtisadiyyat Nazirliyi maliyyə institutlarının məlumat verilməli hesablar barədə hesabat qaydasını Vergi Məcəlləsində 2026-cı ildən qüvvədə olan dəyişikliklərə uyğunlaşdırıb. Dəyişiklik yeni hesabat öhdəliyi yaratmasa da, bank və digər maliyyə institutlarının müştərilərinin vergi rezidentliyi ilə bağlı məlumat verməsi üzrə yeni mexanizmlə əlaqəlidir.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 4 sentyabr 2026-cı il tarixli qərarı ilə “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydasında Vergi Məcəlləsinin 76-1-ci maddəsinə istinad 76-1.1-ci maddə ilə əvəz edilib.
Dəyişiklik texniki xarakter daşıyır. Belə ki, Vergi Məcəlləsində 2025-ci ilin sonunda edilmiş dəyişikliklə əvvəlki 76-1-ci maddə 76-1.1-ci maddə hesab olunub, eyni zamanda 76-1.2 və 76-1.3-cü maddələr əlavə edilib.
Yeni qaydalara əsasən, maliyyə institutu fiziki və ya hüquqi şəxsə hesab açdıqda və ya maliyyə xidməti göstərdikdə, beynəlxalq vergi və maliyyə məlumatlarının mübadiləsi məqsədilə həmin şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri məlumat və sənədlər təqdim edilməlidir.
Əgər sonradan təqdim edilən məlumat və sənədlərdə şəxsin vergi rezidentliyi statusunun dəyişməsinə səbəb olan dəyişiklik baş verərsə, bu barədə məlumat və sənədlər dəyişiklik baş verdiyi gündən 30 gün ərzində maliyyə institutuna təqdim edilməlidir.
Bu tələbə əməl edilməməsinə görə inzibati məsuliyyət də müəyyənləşdirilib. Maliyyə institutuna rezidentliyin müəyyən edilməsi üçün dürüst olmayan və ya təhrif edilmiş məlumat və sənədlərin təqdim edilməsinə, yaxud rezidentlik statusını dəyişdirən məlumatların 30 gün ərzində bildirilməməsinə görə fiziki şəxslər 300 manat, hüquqi şəxslər isə 1 000 manat cərimə edilə bilər.
Həmin tələblər 4 sentyabr qərarı ilə deyil, Vergi Məcəlləsində 2025-ci il dekabrın 30-da edilmiş dəyişikliklə müəyyən edilib və 2026-cı il yanvarın 1-dən tətbiq olunur. İqtisadiyyat Nazirliyinin yeni qərarı isə maliyyə institutlarının hesabat qaydasındakı hüquqi istinadı Vergi Məcəlləsinin yeni strukturu ilə uyğunlaşdırır.
Məlumatların toplanması Azərbaycanın iştirak etdiyi beynəlxalq vergi və maliyyə məlumatlarının mübadiləsi mexanizmlərinin icrası ilə bağlıdır. Azərbaycan, o cümlədən CRS standartı çərçivəsində maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsini həyata keçirir. Bu məqsədlə maliyyə institutları müştərilərin vergi rezidentliyini müəyyən edir və hesabat verilməli hesablar barədə məlumatları vergi orqanına təqdim edirlər.
Beləliklə, dəyişiklik bütün bank müştərilərinin hər 30 gündən bir məlumat təqdim etməsi demək deyil. 30 günlük müddət yalnız şəxsin əvvəl təqdim etdiyi məlumat və sənədlərdə onun vergi rezidentliyi statusunun dəyişməsinə səbəb olan dəyişiklik baş verdikdə tətbiq olunur.












