İslahat çərçivəsində hərbi qulluqçuların vəzifə və hərbi rütbələrindən asılı olaraq əməkhaqqına 10 faizdən 50 faizə qədər, orta hesabla xalis əməkhaqqının 23 faizə qədər artırılması da nəzərdə tutulur. Bu məqsədlə ayrılacaq ümumi illik əlavə vəsait 550 milyon manat təşkil edəcək.
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
O bildirib ki, təklif olunan yeni əməkhaqqı sistemi müasir ordu modelinə malik olan ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Yeni yanaşma ilə hərbi qulluqçuların tutduğu vəzifə, rütbə, xidmətin xüsusiyyətləri və məsuliyyət səviyyəsi arasında daha ədalətli və əsaslandırılmış diferensial əməkhaqqı sistemi formalaşacaq.
“Yeni əməkhaqqı sistemi ilə əvvəllər təminat xərcliyinin cüzi hissəsini təşkil edən vəzifə maaşı pilləli rütbə maaşı ilə əvəz ediləcək, baza maaş olaraq rütbə maaşının gəlirlərdə xüsusi çəkisi əhəmiyyətli dərəcədə artırılaraq 70 faizə çatdırılacaq. Bu yanaşma onların əməkhaqqı strukturunun daha sadə, aydın və dayanıqlı olmasına imkan verəcək, islahatın əsas məqsədlərindən biri də hərbi xidmətin əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılmasıdır”, - deyə M.Quliyev vurğulayıb. (Azərtac)












