Azərbaycanda son günlər kənd təsərrüfatı ilə bağlı əsas yeniliklərdən biri məhsul sertifikatının tətbiqi olacaq. Bu yenilik fermerlərə əlavə maliyyə cəlb etməyə imkan verməlidir.
«Məhsul sertifikatı ilə bağlı məsələyə hal-hazırda Milli Məclisdə baxılır. Milli Məclisdə qanun qəbul olunduqdan sonra bizim hələ ondan sonra görəcəyimiz xeyli işlər var».
Bu sözləri Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov FED.az biznes və maliyyə xəbərləri portalının sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, sertifikatın tətbiqi üçün müxtəlif ilkin məsələlər həllini tapmalıdır, onlardan biri də sistemin qurulmasıdır. "Məhsul sertifikatı layihəsi çərçivəsində əsasən anbarlar nəzərdə tutulur. Anbarda saxlanılan və ya istehsal olunacaq məhsulların girov qoyularaq əvəzində sertifikat alınması və maliyyələşmənin təmin olunmasından söhbət gedir.
Əsas odur ki, fermer istehsal elədiyi məhsulu girov qoya bilsin. Çünki bu gün maliyyə institutlarının (bank və BOKT-ların – FED.az) girov olaraq saxlaya biləcəyi ancaq əmlakdır".
- Məcnun müəllim, bu yenilik fermerlərin hamısını əhatə edəcəkmi? Çünki bəzi kiçik fermerlər var ki, onların məhsulu anbarda saxlamaq imkanı yoxdur. Bu məsələ necə tənzimlənəcək?
- Bu gün kiçik fermerlər üçün kredit aləti onsuz da mövcuddur. Bildiyiniz kimi, cənab Prezidentin fərmanı var, kiçik fermerlərə aid, eyni zamanda Subsidiya Şurasının da qərarı var. Onlar illik kreditlərini ala bilirlər. Biz isə dövlət olaraq onların kredit faiz subsidiyasını təqdim eləyirik. Yəni onlar aldığı kredit müqabilində heç bir faiz ödəmirlər. Mövsümün əvvəlində fermer banklardan kreditini alır, mövsüm sonunda məhsulunu istehsal eləyir, məhsulunu satıb krediti bağlayır, biz isə onun yerinə faizini ödəyirik.
- Cənab nazir, məhsul sertifikatlarının verilməsinə nə vaxtdan başlanacaq?
- Bu barədə hələ ki məlumat yoxdur. Çünki bunun üçün qanun qəbul edilməlidir, qəbul olunduqdan sonra cənab Prezident tərəfindən təsdiqlənməlidir. Ondan sonra isə mexanizm olaraq hələ bir xeyli reqlamentlər işlənilib hazırlanmalıdır.












