Azərbaycan şirkətlərinin yeni texnologiyalar yaratmasını və bunları xaricdə satmasını istəyiriksə, maliyyəyə çıxış son dərəcə mühümdür.
Startaplar xaricdən cəlb etdikləri valyutanı ölkəyə məhdudiyyətsiz gətirə biləcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Nazir müavini bildirib ki, son dövrlərə qədər qanunvericiliyimizdə startapların maliyyələşdirilməsi, texnologiya şirkətlərinin maliyyələşdirilməsi, xarici istedadların və xarici şirkətlərin cəlb edilməsi məsələlərində bir çox boşluqlar var idi:
"Bunu aradan qaldırmaq üçün bu yaxınlarda bir neçə qanunvericilik paketini qəbul etmişik, onların bir neçəsi artıq parlamentdən keçib və qanun kimi təsdiqlənib. Bu, qanunvericiliyimizə innovativ maliyyələşdirmə alətlərini gətirməyə imkan verəcək. Keçmişə nəzər salsaq, bunlar "boz zona" idi, bu gün isə bütün bu innovativ maliyyə alətləri reallıqdır".
"Biz həmçinin parlamentə yeni qanunvericilik paketi təqdim etmişik ki, bu da yüksək texnologiya şirkətlərinə 20 illik vergi güzəştləri və müxtəlif növ imtiyazlar verəcək. İnanırıq ki, bu qanunvericiliklərin tətbiqi və cəlb etmə baxımından bir qədər vaxt itirdiyimiz üçün daha aqressiv addımlar atmalıyıq. Və hesab edirik ki, bu, dünyada ən aqressiv dəstək paketlərindən biri olacaq. Ümid edirik ki, bu paket növbəti bir ay ərzində parlamentdə qəbul olunacaq", - deyə nazir müavini əlavə edib.












