Azərbaycanda 15 min kvadratkilometr ərazidə geoloji kəşfiyyat aparılacaq
Azərbaycan 2030-cu ilədək geoloji kəşfiyyat işlərinin aparıldığı ərazilərin ümumi əhatə dairəsini 15 min kvadratkilometrə çatdırmağı planlaşdırır.
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Dövlət Proqramına əsasən, yeni faydalı qazıntı yataqlarının aşkar edilməsi, mövcud yataqlardakı ehtiyatların dəqiqləşdirilməsi və sənaye üçün etibarlı mineral-xammal bazasının formalaşdırılması nəzərdə tutulur.
Perspektivli sahələrdə və mövcud yataqlarda, o cümlədən strateji əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin mövcud olduğu ərazilərdə geoloji axtarış və kəşfiyyat işlərinə özəl sektorun da cəlb edilməsi nəzərdə tutulur.
Ehtiyatların beynəlxalq hesabatlılıq standartları əsasında qiymətləndirilməsi investorlara təqdim olunan geoloji məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində əsas tədbirlərdən biri olacaq.












