Çinin təyyarə istehsalçısı COMAC iri sərnişin təyyarələrinin istehsalında insanabənzər – humanoid robotlardan istifadə etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə şirkətin sədri He Donqfen Şanxayda keçirilən China Unicom Partner Conference 2026 konfransında bildirib.
Yeni texnologiyanın tətbiqi üçün COMAC süni intellektin öyrədilməsi məqsədilə xüsusi poliqon yaratmağı planlaşdırır. Burada bulud hesablamalarını, periferik infrastrukturu və son avadanlıqları birləşdirən sınaq mühiti yaradılacaq.
Hazırlıq və sınaq mərhələsindən sonra humanoid robotların birbaşa təyyarə istehsalı sexlərində işə cəlb edilməsi nəzərdə tutulur.
Robotların təyyarə istehsalında hansı işləri görəcəyi hələ açıqlanmayıb
Humanoid robotlara zavodda konkret olaraq hansı istehsal əməliyyatlarının həvalə ediləcəyi hələlik açıqlanmayıb.
COMAC həmçinin istifadə ediləcək robotların istehsalçılarını, konkret modellərini və onların istehsala genişmiqyaslı tətbiqinin nə vaxt başlanacağını açıqlamayıb.
Şirkət rəhbərliyinin açıqlamasından belə məlum olur ki, ilkin mərhələdə məqsəd işçiləri dərhal robotlarla əvəz etmək deyil. İlk növbədə humanoid robotların öyrədilməsi və sınaqdan keçirilməsi üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, COMAC Çinin ən böyük mülki sərnişin təyyarəsi istehsalçısıdır.
Dövlət korporasiyası 2008-ci ildə yaradılıb və baş ofisi Şanxayda yerləşir. Şirkət mülki aviasiya texnikasının hazırlanması, istehsalı və sınaqları ilə məşğuldur.
COMAC-ın əsas layihələri sırasında C919 və C909 sərnişin təyyarələri yer alır.
Çin humanoid robotları kütləvi şəkildə sənayeyə gətirməyə hazırlaşır
COMAC-ın təşəbbüsü Çin hakimiyyətinin humanoid robotların və “təcəssüm olunmuş süni intellekt”in (embodied AI) sənayedə və iqtisadiyyatın digər sahələrində tətbiqini genişləndirmək üzrə daha böyük proqramının bir hissəsidir.












