Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə ödəniş kartları və elektron pul hesablarının sayına tətbiq edilən məhdudiyyətlə bağlı məsələlərə aydınlıq gətirib.
FED.az biznqes və maliyyə xəbərləri portalı ABA-nın bu məsələ ilə bağlı əsas suallara cavablarını təqdim edir.
1. Yeni yanaşmanın (saya məhdudiyyət) tətbiq edilməsində əsas məqsəd nədir?
- Yeni yanaşmanın əsas məqsədi ödəniş xidməti təchizatçıları, o cümlədən banklar və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimuma endirilməsi və risk əsaslı yanaşmanın daha vahid formada tətbiq edilməsidir. Son illərdə ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin sürətli inkişafı, nağdsız hesablaşmaların genişlənməsi və innovativ ödəniş həllərinin artması risklərin daha effektiv idarə edilməsini zəruri etmişdir. Bu yanaşma sağlam ödəniş təcrübəsinin təşviqinə, maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına və ödəniş ekosisteminin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
2. Ödəniş xidməti istifadəçisi bir bankdan neçə debet ödəniş kartı əldə edə bilər? Bir bankda ödəniş kartlarının sayına tətbiq edilən yanaşma digər banklardan ödəniş kartı əldə etmək imkanını məhdudlaşdıracaq? Ödəniş xidməti istifadəçiləri eyni bankın fərqli ödəniş kartı məhsullarından istifadə edə biləcəklər?
- Mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.
Bu yanaşma yalnız konkret bank üzrə tətbiq edilir və digər banklardan ödəniş kartı əldə edilməsinə hər hansı məhdudiyyət yaratmır. Eyni zamanda, əgər bank ödəniş xidməti istifadəçisinə bir neçə fərqli ödəniş kartı məhsulu təqdim edirsə, ödəniş xidməti istifadəçisi həmin məhsulların hər biri üzrə ayrıca ödəniş kartı əldə edə bilər.
3. Xarici valyutada olan ödəniş kartlarına da bu yanaşma tətbiq ediləcək? Ödəniş xidməti istifadəçisi eyni bankdan həm manat, həm də xarici valyutada (məsələn, ABŞ dolları, avro) ödəniş kartı əldə edə biləcək?
- Bəli. Baza yanaşmasına əsasən, hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur. Bu səbəbdən ödəniş xidməti istifadəçisi eyni bankdan həm milli valyutada, həm də müxtəlif xarici valyutalarda ödəniş kartı əldə edə bilər.
4. Ödəniş xidməti istifadəçisinin hazırda eyni bankda bir neçə ödəniş kartı var. Onlardan nə vaxtadək istifadə edə biləcək?
- Yeni yanaşma mövcud ödəniş kartlarının istifadəsinə məhdudiyyət yaratmır. Hazırda istifadə olunan ödəniş kartlarından onların etibarlılıq müddəti başa çatanadək və ya ödəniş xidməti istifadəçisi tərəfindən bağlanılanadək istifadə etmək mümkündür.
5. Eyni bankdan əlavə ödəniş kartına ehtiyac yaranarsa, onu necə əldə etmək mümkündür? Bunun üçün hansı məlumatlar təqdim edilməlidir?
- Belə hallarda ödəniş xidməti istifadəçisinin xidmət aldığı banka müraciət etməsi kifayətdir. Bank risk əsaslı yanaşma çərçivəsində müraciəti qiymətləndirəcək. Ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş kartından və ya elektron pula bağlı ödəniş hesabından istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların bankda mövcud məlumatlarla uyğunluq təşkil etdiyi və qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda, bank tərəfindən konkret ödəniş xidməti istifadəçisi üzrə nəzərdə tutulan sayın artırılması mümkündür.
6. Əməkhaqqı, pensiya və sosial müavinət ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları və depozit hesablarına bağlı ödəniş kartları da nəzərdə tutulan sayın tərkib hissəsi hesab ediləcək?
- Xeyr. Əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları qeyd olunan risk əsaslı yanaşmadan istisna edilir.
7. Yeni yanaşma nə vaxtdan tətbiq edilir? Bütün banklarda eyni qaydalar qüvvədə olacaq?
- Risk əsaslı yanaşma 1 avqust 2026-cı il tarixindən etibarən tətbiq olunmağa başlanıb. Banklar və digər ödəniş xidməti təchizatçıları bu yanaşmanı öz texniki imkanları və daxili prosedurları çərçivəsində mərhələli şəkildə tətbiq edirlər. Baza prinsipləri sektor üzrə vahid olsa da, risk əsaslı yanaşmaya uyğun olaraq konkret ödəniş xidməti istifadəçiləri üzrə fərqli qərarlar qəbul edilə bilər.
8. Yeni tətbiq edilən yanaşma ödəniş kartlarından istifadənin təhlükəsizliyini necə artıracaq və hansı maliyyə risklərini azaltmağa kömək edəcək?
- Risk əsaslı yanaşma ödəniş alətlərindən sui-istifadə hallarının qarşısının alınmasına, maliyyə fırıldaqçılığı risklərinin azaldılmasına və ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş xidməti istifadəçilərinin daha effektiv risk qiymətləndirilməsinə imkan yaradır. Eyni zamanda, ödəniş ekosistemində sağlam ödəniş təcrübəsinin təşviq edilməsinə, qeyri-qanuni məqsədlərlə istifadə ehtimalının minimuma endirilməsinə və təhlükəsiz, dayanıqlı rəqəmsal ödəniş mühitinin formalaşdırılmasına xidmət edir.
9. Ödəniş xidməti istifadəçisi eyni bankda müxtəlif ödəniş kartı məhsulları üzrə ödəniş kartları əldə edə bilərmi? Məsələn, eyni bankda “Azal Miles” və digər debet və ya kredit ödəniş kartı məhsulları üzrə ayrıca ödəniş kartlarının əldə edilməsi mümkündürmü? Bu yanaşma həm milli valyutada, həm də xarici valyutada təqdim olunan ödəniş kartı məhsullarına şamil edilirmi?
- Bəli. Qeyd olunan yanaşma hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə ayrıca tətbiq edilir. Bu səbəbdən ödəniş xidməti istifadəçisi eyni bankda müxtəlif ödəniş kartı məhsullarından (məsələn, “Azal Miles”, digər debet və ya kredit ödəniş kartı məhsulları və s.) istifadə edə bilər. Eyni yanaşma həm milli valyutada, həm də xarici valyutada təqdim olunan ödəniş kartı məhsullarına şamil edilir. Bu çərçivədə hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı əldə edilməsi mümkündür.













