Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olacaq.
FED.az xəbər verir ki, bununla bağlı saziş Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində imzalanıb.
Məlumata görə, sənədi Azərbaycan tərəfdən Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktor əvəzi Dəyanət Sədullayev, qarşı tərəfdən isə Oman İnvestisiya Qurumunun Dövlətlərarası (G2G) fondları üzrə meneceri Saif Əl-Mahruqi imzalayıb.
Xatırladaq ki, Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondu 8 oktyabr 2025-ci ildə yaradılıb. Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun Omana işgüzar səfəri çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə Oman Investment Authority (OIA) arasında fondun yaradılmasına dair Səhmdarlar Müqaviləsi imzalanıb.
Fondun ilkin kapitalı 200 milyon ABŞ dollarıdır. Kapital tərəflər arasında bərabər bölünüb: 100 milyon dollar – AİH, 100 milyon dollar - OIA.
“Azər-Türk Bank”da isə səhmlərin ümumilikdə 75%-i dövlətə məxsusdur. Belə ki, Bankın səhmlərinin 51%-i Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti – SOCAR-a, 24%-i Azərbaycan Respublikasına, 12,37%-i Türkiyənin Ziraat Bankası A.Ş-ə
6,55%-i «AzRe Təkrarsığorta» ASC-ə, 5%-i «Qala Həyat Sığorta Şirkəti» ASC-ə, 1,08%-i isə «Ziraat Bank International AG»ə məxsusdur.













