İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair 12 sənəd imzalanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sənədlər tikinti və inkişaf, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, baytarlıq vaksinlərinin və əczaçılıq məhsullarının istehsalı, bank sektoru, rəqəmsal texnologiyalar, futbol və investisiyaların təşviqi kimi sahələri əhatə edir.
FED.az biznes və maliyyə xəbərləri forum çərçivəsində imzalanan sənədləri təqdim edir:
Azərbaycan İqtisadiyyat Nazirliyi ilə ROX Group arasında tikinti və inkişaf sahəsində əməkdaşlıq nəzərdə tutulub.
Azərbaycan Dövlət Bərpa Olunan Enerji Mənbələri Agentliyi ilə ROX Group Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq edəcək.
Ələt Azad İqtisadi Zonası ilə Inovest AFEZCO arasında yeni texnologiya əsasında silisium karbid, silisium oksid və silisium istehsalı üzrə razılaşma əldə olunub.
Ağstafa Rayon İcra Hakimiyyəti ilə İsveçrənin iCsquared GmbH şirkəti arasında ABAK-WASSERSTEIN plantasiyaları və emal müəssisələri layihələri üzrə əməkdaşlıq müəyyənləşdirilib.
Azərbaycan Biznesinin İnkişafı Fondu, AgroDairy LLC və AGROFERT, a.s. arasında Ağdam quşçuluq layihəsinin həyata keçirilməsinə dair razılaşma əldə olunub.
Azərbaycan Biznesinin İnkişafı Fondu ilə VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLƏRİ A.Ş. baytarlıq vaksinlərinin istehsalı layihəsi üzrə əməkdaşlıq edəcək.
Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Saneca Pharmaceuticals, a.s. arasında əczaçılıq istehsalı müəssisəsinin yaradılması üzrə əməkdaşlıq nəzərdə tutulub.
Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu “AzərTürkBank” ASC-də qeyri-nəzarət payını əldə edəcək.
Esyasoft, SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.
SOCAR ilə İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlıq üzrə razılıq əldə edilib.
AZPROMO ilə UkraineInvest arasında Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlıq nəzərdə tutulub.
Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Microsoft Ireland Operations Limited arasında anlaşma memorandumu rəsmiləşdirilib.




























