Azərbaycan qarşıdakı illərdə dövlət borcu portfelinin diversifikasiyasını davam etdirəcək və dövlət istiqrazlarının müddətini uzadacaq.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində “Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması” mövzusunda keçirilən sessiyada çıxışı zamanı maliyyə naziri Sahil Babayev bildirib.
Sahil Babayev qeyd edib ki, dövlət borcunun xarici valyuta və bazar risklərinə həssaslığının azaldılması istiqamətində tədbirlər görülüb.
Sahil Babayevin sözlərinə görə, hazırda dövlət istiqrazlarının orta ödəmə müddəti təxminən 3,8 il təşkil edir, borc portfelinin 40%-nin müddəti isə 7 və ya 10 ildir.
Sahil Babayev bildirib ki, növbəti illərdə borc portfelinin diversifikasiyası, dövlət istiqrazlarının müddətinin uzadılması və bununla da dövlət borcunun risklərə həssaslığının daha da azaldılması istiqamətində işlər davam etdiriləcək.













