“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi hazırlanacaq.
FED.az xəbər verir ki, bu, Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə İş Planına daxil edilib.
Xatırladaq ki, qanunvericiliyə oxşar dəyişikliklər təqribən bir il əvvəl də edilib. Bunlardan biri "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna edilən dəyişiklikdir.
Həmin qanuna görə, iş yerində korrupsiya ilə əlaqədar məlumat verən işçiyə birbaşa və ya dolayı yolla qisas tətbiq edilə bilməz.
Qanuna əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə maneçilik törətmə, mənfi xasiyyətnamə vermək və digər bu cür tədbirlər tətbiq edilə bilməz.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.












