Son altı ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb.
FED.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev sentyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda danışıb.
Nazir bildirib ki, həmin vəsait hesabına Qarabağ və Şərqi Zəngəzurda yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri icra olunub. Onun sözlərinə görə, 2021–2026-cı illərdə ölkənin digər ərazilərində infrastrukturun yenilənməsi layihələrinə 16 milyard manat sərf edilib.
Sahil Babayev iqtisadi artımda qeyri-neft sektorunun aparıcı rol oynadığını qeyd edib. O bildirib ki, dövlət maliyyəsinin neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldılması fiskal siyasətin əsas istiqamətlərindəndir. 2030-cu ilədək dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 30 faizə qədər azaldılması nəzərdə tutulur.












