Azərbaycanda müasir suvarma sistemlərinin hansı hallarda yerli istehsal hesab ediləcəyini müəyyən edən yeni meyarlar təsdiqlənib. Qaydalar xüsusilə yerli istehsal damcı suvarma sistemlərinə dövlət tərəfindən daha yüksək güzəşt tətbiq ediləcəyi fonunda əhəmiyyət daşıyır.
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının 27 avqust 2026-cı il tarixli qərarı ilə “Yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin yerli istehsala aid olmasına dair Meyarlar” təsdiqlənib.
Yeni qaydalara əsasən, xarici hissələrin Azərbaycanda sadəcə yığılması, qablaşdırılması, çeşidlənməsi, təmizlənməsi, boyanması və ya digər sadə əməliyyatların həyata keçirilməsi suvarma sisteminin yerli istehsal hesab olunması üçün kifayət etməyəcək.
Məhsulun istehsalında iki və daha çox ölkə iştirak etdikdə onun mənşə ölkəsi kifayət qədər emal və ya təkrar emalın aparıldığı ölkə hesab ediləcək. Bunun üçün istehsal nəticəsində məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodunda tələb olunan dəyişiklik baş verməli və ya həyata keçirilən istehsal və texnoloji əməliyyatlar nəticəsində yeni məhsul yaranmalıdır.
Qərarda yerli istehsalın müəyyənləşdirilməsi üçün ayrıca dəyər meyarı da müəyyən edilib. Advalor pay qaydasına əsasən, xarici ölkə mənşəli materialların dəyəri yekun məhsulun dəyərinin 35%-dən çox olmadıqda məhsul Azərbaycan mənşəli hesab edilə bilər.
Xarici materialların dəyəri onların Azərbaycana gətirilərkən gömrük dəyəri və ya ölkə daxilində rəsmi təsdiqlənmiş satış qiyməti əsasında, hazır məhsulun dəyəri isə franko-zavod qiyməti üzrə hesablanacaq.
Məhsulun istehsalında istifadə olunan elektrik və istilik enerjisinin, istehsal maşın və avadanlıqlarının, alətlərin, eləcə də son məhsulun tərkibinə daxil olmayan digər vasitələrin hansı ölkədən olması isə məhsulun mənşəyinin müəyyənləşdirilməsinə təsir etməyəcək.
Suvarma sisteminin Azərbaycan mənşəli olduğunu istehsalçının özü deyil, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin təqdim etdiyi ekspertiza aktı təsdiqləyəcək.
Yeni meyarların dövlət güzəştləri baxımından da praktiki əhəmiyyəti var. Aqrar Subsidiya Şurasının sentyabrda təsdiqlədiyi yeni dövlət dəstəyi mexanizminə əsasən, yerli istehsal damcı suvarma sistemlərində güzəşt tətbiq olunan hissə 60%, xarici istehsal sistemlərdə isə 50% müəyyən edilib.
Beləliklə, Azərbaycanda istehsal edilən damcı suvarma sisteminin daha yüksək dövlət dəstəyindən yararlanması üçün onun yerli mənşəli olmasının yeni təsdiqlənmiş meyarlar əsasında rəsmən müəyyənləşdirilməsi tələb olunacaq.
Məsələ ilə bağlı dövlət səviyyəsində qərar hələ 2023-cü ilin noyabrında verilib. Prezidentin həmin il imzaladığı fərmanda yerli istehsal müasir suvarma sistemlərinin satışına tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə bağlı təkliflərin hazırlanması, eyni zamanda bu məhsulların yerli istehsala aid edilməsinə dair meyarların təsdiqlənməsi tapşırılmışdı.
Həmin dövrdə rəsmi sənədlərdə məqsədlərdən biri ölkədə istehsal olunan müasir suvarma sistemlərinin satışına dövlət dəstəyinin artırılması kimi göstərilirdi. 2026-cı ildə təsdiqlənmiş yeni meyarlar və yerli damcı suvarma sistemləri üçün güzəştin 60%-ə qaldırılması ilə bu mexanizmin tətbiq çərçivəsi konkretləşdirilib.
Meyarların təsdiqlənməsi barədə sentyabr ayında bir sıra yerli media orqanlarında məlumat yayılsa da, materiallarda əsasən qərarın texniki müddəaları təqdim edilib. Yeni qaydaların yerli və xarici damcı suvarma sistemlərinə tətbiq edilən fərqli dövlət güzəştləri ilə əlaqəsi isə ayrıca iqtisadi mexanizm kimi önə çıxmayıb.












