“Volkswagen” dünya üzrə 2 milyon 159 min 54 avtomobili geri çağırmağı planlaşdırır.
FED.az xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, çağırılan avtomobillərin 895 min 832-si Almaniyadadır.
Geriçağırılma 2013-cü ilin sentyabrından 2024-cü ilin iyulunadək istehsal edilmiş “Golf”, “Golf Variant”, “Tiguan”, “Touran” və “Caddy” modellərini əhatə edir.
Problem sükan mexanizminin bərkidilməsində istifadə olunan vintin korroziyaya uğraması ilə bağlıdır. Rütubətin daxil olması nəticəsində vint illər ərzində paslana və ekstremal halda qırıla bilər. Bu zaman sükan mexanizminin bərkidilməsi zəifləyə, ən ağır halda isə avtomobili idarə etmək mümkün olmaya bilər.
Təmir avtomobil sahibləri üçün ödənişsiz olacaq. Nasazlığın aradan qaldırılması zamanı köhnə vintlər korroziyaya daha davamlı analoqları ilə əvəz ediləcək. İndiyədək problemdən qaynaqlanan qəza və xəsarət barədə məlumat verilməyib.












