Avqustun 31-də “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının imzalanmasından bir il ötür.
Beynəlxalq Bankln səhmini alanlar nə qədər qazanır? - SON 3 İLİN RƏQƏMLƏRİ - MƏBLƏĞLƏR
Bu Sərəncama əsasən, dövlət müəssisəsinə özəl investisiyaların cəlbi üzrə başlanmış ilk əhəmiyyətli tədbir kimi, ABB-nin 1,3 milyard manat dəyərində ilkin ümumi səhm təklifi (IPO) Azərbaycan iqtisadiyyatının diversifikasiyası və ölkədə daha şəffaf maliyyə sisteminin yaradılması istiqamətində çox mühüm addımdır. Səhmlərin uğurlu yerləşdirilməsi, o cümlədən yerləşdirmə prosesindən sonra onların dəyərinin artması, dövlət müəssisələrinin özəlləşdirilməsinə və bu müəssisələrə xarici investisiyaların cəlbinə əlverişli şərait yaradacaq.
Azərbaycanın kapital bazarının mövcud vəziyyəti
Azərbaycanın kapital bazarı hələ inkişaf etməkdə olan mərhələdədir.
Dövlət beynəlxalq istiqraz bazarlarında uğurlu təcrübəyə malik olsa da, yerli borc bazarının həcmi və dərinliyi hələ lazımi səviyyəyə çatmayıb. Bu vəziyyət, iqtisadiyyatın davamlı böyüməsi üçün son dərəcə vacib olan uzunmüddətli maliyyələşmənin yerli valyuta ilə təmin olunmasında müəyyən çətinliklər yaradır. Yerli borc bazarında, əsasən, qısamüddətli borclar üstünlük təşkil edir və bazar daha çox dövlət borclarından formalaşır.
Bu baxımdan, şirkətlərin maliyyələşmə imkanlarının genişləndirilməsi və iqtisadiyyatın dayanıqlı böyüməsi üçün Azərbaycanın kapital bazarının inkişafı mühüm əhəmiyyət daşıyır.
2022-ci ildə Bakı Fond Birjasında yerləşdirilmiş manat istiqrazlarının müddəti
Dövlət və korporativ yerləşdirmələrin payı, 2022-ci ilə
Mənbə: BFB
Azərbaycanda iqtisadi artımın növbəti mərhələsini dəstəkləmək üçün bank sektorunun əlavə kapital yaratma imkanları olmalıdır. Səmərəli kapital bazarı yerli bank sektorunun yenidən kapitallaşdırılmasına mühüm töhfə verə bilər. Bu, bankların kreditləşmə imkanlarını daha da genişləndirəcək.
Mənbə: Müxtəlif ölkələrin mərkəzi bankları
Digər bazarlarla müqayisə
ABB səhmlərinin əhaliyə kütləvi təklifinin əhəmiyyətini vurğulamaq üçün digər bazarlarla müqayisə faydalı olardı. Rusiyada ötən əsrin 90-cı illərində aparılmış özəlləşdirmə dalğası aktiv kapital bazarı yaratdı və hazırda bu ölkədə bazar kapitallaşmasının ÜDM-ə nisbəti, təxminən, 23% təşkil edir. “Ǫazprom” və “Rosneft” kimi iri dövlət müəssisələrinin səhmləri açıq şəkildə satılır. Bu, investorlara ölkənin enerji sektoruna sərmayə qoymaq imkanı verir.
Türkiyə sərmayə bazarında da ciddi artım müşahidə olunur. Cari bazar kapitallaşmasının ÜDM-ə nisbəti, təxminən, 36% təşkil edir. Türk Hava Yolları və Garanti Bankı kimi böyük şirkətlərin səhmləri İstanbul Fond Birjasında tədavül olunur. Türkiyə bazarının güclü xüsusiyyətlərindən biri də budur ki, bazar kapitallaşmasının 21%-ə qədəri məhz pərakəndə investorların payına düşür.
Səudiyyə Ərəbistanının bazar kapitallaşmasının ÜDM-ə nisbəti, təxminən, 238%-dir. 2019-cu ildə Saudi Aramco-nun səhmlərinin emissiyası əlamətdar hadisə oldu. Saudi Aramco 25,6 milyard dollar cəlb etməklə dünyanın ən böyük səhm emissiyası faktına imza atdı. Saudi Aramco-nun uğurlu səhm yerləşdirməsi investorların dövlət müəssisələrinə böyük marağını nümayiş etdirdi.
Listinq edilmiş yerli şirkətlərin bazar kapitallaşması (ÜDM-in faizi; 2022)
Mənbə: Dünya Bankı
İnvestor sinfinin olmaması mifi
Xeyli müddət belə bir fikir yayğın idi ki, guya, Azərbaycanda investor sinfi yoxdur. Bununla belə, bir çox yerli sakinlərin daşınmaz əmlaka sərmayə yatırması da uzunmüddətli tendensiyadır. Azərbaycan investorlarının yerli və beynəlxalq daşınmaz əmlak bazarlarında etdikləri sərmayələrin həcminə dair konkret məlumatlar olmasa da, bir çox insanlar ən azı öz icmalarında əmlaka sərmayə qoymuş birini mütləq tanıyırlar. Əmlaka investisiyalar əhalinin uzunmüddətli investisiyalar etmək istəyindən xəbər verir. Daşınmaz əmlaka yatırımlar, səhmlərə investisiya edilməsi ilə çox oxşardır. Daşınmaz əmlak gəlir gətirə bilər. Amma daşınmaz əmlaka investisiyanın bərpası üçün onu satmağa alıcı lazımdır. Azərbaycanda daşınmaz əmlak 5%-dən az icarə gəliri təklif edir. Bu da ABB səhmləri üzrə dividend gəlirindən 2-3 dəfə aşağıdır.
Daşınmaz əmlakla yanaşı, bank depozitləri də yerli investorlar üçün digər mühüm investisiya alətidir. Yerli depozit bazası bank sektorunun inkişafının əsas qaynaqlarındandır. 2023-cü ilə olan məlumata görə, kommersiya banklarının kredit-depozit nisbəti 67% təşkil edib. Bu əmanətlərin əksəriyyətinin müddəti 1 il və daha azdır. Onlar yalnız qismən dövlət sığortası proqramı ilə əhatə olunur. İnvestor əmanət sığortası proqramının əhatə etdiyi məbləğdən yüksək məbləğdə əmanət qoyursa, onlar səhmlərə bənzər risklərlə üzləşirlər. Eyni zamanda, risk üçün əlavə gəlir əldə etmirlər. Riskləri azaltmaq və gəliri yaxşılaşdırmaq üçün investor əmanətləri diversifikasiya etməlidir. Səhmlərə və istiqrazlara investisiyalarla buna nail olmaq mümkündür.
Kapital bazarının faydaları
Fəaliyyət göstərən kapital bazarı yerli korporasiyalara kapitalı artırmaq, genişlənməni maliyyələşdirmək, gəlirliliyi yüksəltmək və qlobal miqyasda daha rəqabətqabiliyyətli olmaq üçün əlavə imkanlar təmin etməkdən ötrü çox vacibdir. Bu, həmçinin bizneslərə risk profillərini azaltmaqla borc səviyyələrini minimallaşdırmaq imkanı verir. Dövlət üçün canlı kapital bazarı dövlət şirkətlərinin maliyyələşdirilməsinin büdcə yükünü azaldır, təhsil və səhiyyə kimi sosial layihələrə daha çox diqqət ayırmağa şərait yaradır.
İnkişaf etmiş bazarlarda şirkətlər maliyyə mənbəyi kimi çox vaxt kapital bazarlarına etibar edirlər. Məsələn, ABŞ-da Apple və Microsoft kimi şirkətlər tədqiqat və innovasiyaları kapital bazarları vasitəsilə maliyyələşdirirlər.
Eynilə, Avropada Volkswagen və Nestlé kimi şirkətlər qlobal bazar paylarını və rəqabət qabiliyyətlərini artırmaq üçün kapital bazarlarından istifadə etmişlər.
ABB səhmlərinin yerləşdirilməsi
Dövlətə məxsus aktivlər arasında ABB investor marağı üçün cəlbedici biznesdir: Bank müasir korporativ idarəetmə standartlarına riayət edir. Mütəmadi olaraq maliyyə hesabatlarını təqdim edir, kapital bazarlarında təcrübəyə malikdir və şəffafdır. ABB sürətlə böyüyür, onun gəlirliliyi ən qabaqcıl regional oyunçularla müqayisə edilə bilər. Bank müntəzəm olaraq səhmdarlarına dividendlər ödəyir. Bu da maliyyə sağlamlığının yaxşı göstəricisidir.
ABB səhmlərinin uğurlu yerləşdirilməsi, eləcə də təkrar bazarın mövcudluğu investorlara qazanc əldə etməyə imkan verəcək. Bu, yerli kapital bazarının inkişafı üçün də çox vacibdir və daha çox şirkətin öz səhmlərini Fond Birjasında listinq edərək ticarətə çıxarmasına yol aça bilər.
Gələcək perspektivlər
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli müvafiq Sərəncamına əsasən, ABB-dən başqa bir sıra dövlət müəssisələrinə də özəl investisiyaların cəlbi nəzərdə tutulur. ABB səhmlərinin uğurlu yerləşdirilməsi, çox güman ki, gələcəkdə daha çox yerləşdirmələrə gətirib çıxaracaq və potensial olaraq yerli iqtisadiyyatı yeni səviyyəyə qaldıra biləcək investisiya mühitinin yaxşılaşmasına səbəb olacaq.
Sərəncamda siyahısı müəyyənləşmiş dövlət müəssisələri bunlardır:
- Bakı Telefon Rabitəsi İstehsalatı MMC
- Aztelecom MMC
- Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ǪSC
- AzerGold ǪSC
- Azərikimya İB-nin Etilen-Polietilen Zavodu
- Karbamid Zavodu
- Metanol Zavodu
Azərbaycan mühüm iqtisadi transformasiyanın astanasındadır. ABB səhmlərinin uğurlu yerləşdirilməsi bu baxımdan transformasiya proseslərinin güclü kapital bazarının yaradılması istiqamətində mühüm addımdır. Bu da öz növbəsində yerli biznesi qlobal miqyasda böyümək və rəqabət aparmaq üçün lazımi maliyyə vəsaiti ilə təmin edəcək. Dövlətin maliyyə yükünü azaldacaq, investorlar üçün yeni imkanlar açacaq.
Kapital bazarının inkişafı həm yerli, həm beynəlxalq investorları cəlb edə bilər. Bu da ölkəyə kapital axınının artmasına, iş yerlərinin yaradılmasına və ümumi iqtisadi rifaha gətirib çıxaracaq.
İnvestor Klub-dan ABB səhmlərinin yerləşdirilməsinə baxış
Səhmlərin tam yerləşdirilməsindən sonra ABB-nin nizamnamə kapitalı 1,3 milyard manatı ötəcək.
Sərbəst dövriyyədə olan səhmlərin ümumi həcmi tam yerləşdirmə başa çatdıqdan sonra bütün səhmlərin 6,6%-nə çatacaq. Səhmlərin sentyabr ayında Bakı Fond Birjasında ticarətə çıxarılması planlaşdırılır.
Bank hər səhmini başlanğıc qiymət olaraq 0,27 AZN-dən təklif edir. Bu qiymət yüksək dividend gəliri təmin etməklə yanaşı, Bank of Georgia və TBC Bank kimi regional bankların səhm qiyməti təklifi ilə müqayisədə daha sərfəli və cəlbedicidir.
İnvestor Klub-un ABB səhmləri üçün hədəf qiyməti hər səhmə 0,45 AZN olaraq müəyyənləşib. Bu da 67% potensial artım təklif edir. Bu hədəfin üç üsulla əldə ediləcəyi gözlənilir: hədəf P/B nisbəti; 2024-cü il üçün dividend gəliri; əlavə olaraq, 10% ehtimalla ən yaxşı ssenari kimi Kaspi Bankın (Kz) 2024-cü il üçün güman edilən P/E nisbətinə əsasən səhmləri 1,06 AZN dəyərində proqnozlaşdırırıq.
Biz səhm üzrə mənfəətin (EPS) əvvəlki illərə uyğun olaraq artacağını gözləyirik. Əvvəlki ilə uyğun gəlirliliyi qoruyub saxlamaqla və tarixi divident ödəmə əmsalına riayət etməklə, bank xalis gəlirinin təxminən 40%-ni dividend kimi bölüşdürüb. Bu yanaşma 2022-2023-cü illər üçün 15% dividend gəliri ilə nəticələnib və 2024-cü ildə də nominal qiymətlə (27 qəpik) təxminən 13-14% olacağı gözlənilir.
Mansur Məmmədov,
İnvestor Klub-un təsisçisi