Əsas işdən əlavə gəlir əldə etmək üçün hər gün bir neçə saat işləmək mütləq deyil. Bəzi əlavə işlərə gündə cəmi 30-60 dəqiqə ayırmaqla gəlir əldə etmək mümkündür.
FED.az xəbər verir ki, ABŞ-ın biznes nəşri Entrepreneur gündə bir saatdan çox vaxt tələb etməyən 13 əlavə qazanc üsulunu araşdırıb. Siyahıda internet üzərindən görülən işlərdən repetitorluğa, sosial şəbəkələrin idarə edilməsindən çatdırılmaya qədər müxtəlif variantlar var.
1. Bazar araşdırmalarında iştirak – 30 dəqiqəyə 15-200 dollar
Şirkətlər yeni məhsulu bazara çıxarmazdan əvvəl real istifadəçilərin fikirlərini öyrənmək üçün sorğular, müsahibələr və fokus qrupları təşkil edirlər. Entrepreneur-un məlumatına görə, fərdi sorğu və müsahibələrdə bir sessiyaya görə qazanc 15-200 dollar arasında dəyişə bilər. Fokus qruplarında isə bəzi araşdırmalar 150 dollar və daha çox ödəniş təklif edir. Üstəlik, bəzi belə tapşırıqların yerinə yetirilməsi cəmi 30 dəqiqə çəkə bilər.
2. Sərbəst mətn yazmaq
Yazı qabiliyyəti olanlar üçün “freelance” mətn hazırlamaq əlavə gəlir mənbəyinə çevrilə bilər. Buraya bloq yazıları, məqalələr, məhsul təsvirləri və hətta şirkətlər üçün elektron məktubların hazırlanması daxildir.
Entrepreneur qeyd edir ki, Upwork və Fiverr kimi platformalarda bacarıq və boş vaxta uyğun sifarişlər tapmaq mümkündür. Kiçik layihəni bir saata bitirmək və ya böyük layihənin müəyyən hissəsini hər gün bir saat işləməklə hazırlamaq olar.
3. Virtual köməkçi olmaq
Şirkətlər və sahibkarlar gündəlik xırda işlərin bir hissəsini virtual köməkçilərə həvalə edirlər. Bunlara görüşlərin planlaşdırılması, məlumatların daxil edilməsi, elektron məktubların idarə olunması və digər inzibati işlər daxildir.
Belə tapşırıqların bir hissəsini 60 dəqiqə və ya daha qısa müddətdə yerinə yetirmək mümkündür. Məqalədə TaskRabbit və FancyHands kimi platformalar nümunə göstərilir.
4. Onlayn repetitorluq
Riyaziyyat, xarici dil, proqramlaşdırma və ya başqa sahədə biliyi olanlar bunu əlavə qazanca çevirə bilərlər.
Onlayn repetitorluğun üstünlüklərindən biri dərsin müddətini və vaxtını uyğunlaşdırmaq imkanının olmasıdır. Məsələn, əsas işdən sonra və ya həftəsonu qısa dərslər keçirmək mümkündür.
Məqalədə VIPKid, Chegg Tutors və Wyzant kimi xidmətlər nümunə göstərilir.
5. Şirkətlərin sosial şəbəkələrini idarə etmək
Kiçik bizneslərin bir hissəsinin ayrıca sosial media mütəxəssisi saxlamaq imkanı yoxdur. Bu isə əlavə iş axtaranlar üçün imkan yaradır.
Gündə bir saat ərzində şirkətin paylaşımlarını planlaşdırmaq, izləyicilərlə əlaqə yaratmaq və müəyyən kontent hazırlamaq mümkündür.
Hootsuite və Buffer kimi xidmətlər eyni vaxtda bir neçə sosial media hesabını idarə etməyə imkan verir.
6. Mətnlərin yoxlanılması və redaktəsi
Qrammatikanı yaxşı bilən və detallara diqqətli şəxslər üçün başqa variant mətnlərin korrektəsi və redaktəsidir.
Bloqlar və şirkətlər hazırladıqları materialların yoxlanılması üçün kənar mütəxəssislərə müraciət edə bilirlər.
Entrepreneur bildirir ki, müəyyən korrektə tapşırıqlarını 60 dəqiqədən az müddətdə bitirmək mümkündür və Scribendi, ProofreadingPal kimi platformaları nümunə göstərir.
7. Audio və videoları mətnə çevirmək
Transkripsiya zamanı audio yazıya qulaq asılaraq deyilənlər mətn formasına salınır.
Podkast, müsahibə, hüquqi və tibbi diktələr belə sifarişlərə daxil ola bilər.
Rev və TranscribeMe kimi platformalarda ödəniş audio materialın dəqiqəsinə görə hesablana bilər. Kiçik faylların transkripsiyasını bir saat ərzində tamamlamaq mümkündür.
8. İstifadə olunmayan əşyaları internetdə satmaq
Evdə istifadə olunmayan geyim, kitab, elektronika və digər əşyalar da əlavə gəlir mənbəyinə çevrilə bilər.
Gündə bir saatı məhsulları seçməyə, şəkillərini çəkməyə və elan yerləşdirməyə ayırmaq kifayət edə bilər.












