İki əcnəbi şəxs Azərbaycanda MMC açmaq istəyir. Hazırda onların miqrasiya sənədi və ya yaşayış icazəsi yoxdur. Ölkəmizə məhz şirkətin təsis edilməsi və qeydiyyatdan keçirilməsi məqsədilə gələcəklər. Şirkət qeydiyyatdan keçirildikdən sonra isə onu xaricdən idarə etmək istəyirlər. Bu halda şirkətin Azərbaycanda qeydiyyata alınması proseduru necə həyata keçirilir? Əcnəbi şəxslərin MMC təsis etməsi üçün hansı sənədlər tələb olunur?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. Qeyri-rezident fiziki şəxslər Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədikləri halda tələb olunan sənədlərin siyahısını Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərlər.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə müvafiq olaraq, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı 1 gündən gec olmayaraq, sürətli elektron dövlət qeydiyyatı dərhal, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı isə 2 gündən gec olmayaraq həyata keçirilir.
Bildirilib ki, Vergi Məcəlləsinin 3.6-cı maddəsinə əsasən, vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyət xüsusiyyətlərindən asılı olaraq edilməli hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.












