2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 384,5 min nəfər təşkil edib.
Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı - 100 MİN NƏFƏR AZALIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.
Azərbaycanlıların ən çox səfər etdiyi ölkə yenə Türkiyə olub. Xaricə gedən vətəndaşların 43,9%-i Türkiyəyə səfər edib. Türkiyəyə səfərlərin sayı əvvəlki ilin eyni dövrünə nisbətən 2,2% artıb.
Ümumi göstəricidən hesablandıqda, 8 ay ərzində təxminən 608 min Azərbaycan vətəndaşı Türkiyəyə gedib.
İkinci yerdə 14,8% payla Rusiya qərarlaşıb. Bu ölkəyə təxminən 205 min nəfər səfər edib və səfərlərin sayı illik müqayisədə 2,2% azalıb.
Gürcüstanın payı 12,8% olub. Bu istiqamətə səfərlərin sayı 13,6% artıb və təxminən 177 min nəfərə çatıb.
Ən böyük azalma isə İran istiqamətində qeydə alınıb. İrana gedənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41,2% azalıb. İranın ümumi xarici səfərlərdə payı 5,3% və ya təxminən 73,4 min nəfər təşkil edib.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 70,7%-i hava nəqliyyatından, 27,4%-i dəmir yolu və avtomobil nəqliyyatından, 1,9%-i isə dəniz nəqliyyatından istifadə edib.













