Çin və ABŞ hər iki ölkədən idxal edilən 60 milyard dollarlıq mallara tarifləri azaltmaq barədə razılığa gəlib. Malların siyahısı Amerika qarğıdalısından kosmetikaya və Çin məişət texnikasından oyuncaqlara qədər geniş çeşiddə məhsulları əhatə edir.
FED.az xəbər verir ki, ABŞ və Çin arasındakı razılaşmaya əsasən, ölkələr hər biri 30 milyard dollar dəyərində həssas olmayan malların ticarəti üçün daha əlverişli tarif rejimi tövsiyə edib.
“Reuters” agentliyinin məlumatına görə, bu barədə ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir bazar günü verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, bu, ABŞ üçün Çinə Amerika ixracatının təxminən 30 faizinin Çin bazarına çıxışının yaxşılaşdırılması deməkdir.
Qarşılıqlı tarif endirimləri və ticarət barışığının uzadılması Çinin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında ötən həftə Vaşinqtonda keçirilən görüşün əsas nəticələri arasındadır.
Ağ Evin məlumatına görə, Çin qarğıdalı, buğda, ət, süd məhsulları, bitki yağları və yem daxil olmaqla müxtəlif kənd təsərrüfatı məhsullarından ibarət ABŞ mallarının siyahısına tarifləri azaltmağı planlaşdırır. Soya paxlası bu siyahıya daxil edilməyib. Pekin, həmçinin balıq və dəniz məhsulları, ağac, taxta-şalban, kosmetika və tibbi cihazlara tətbiq edilən rüsumları azaltmaq niyyətindədir.
Vaşinqton isə Çinin kiçik cihazlarına, süfrə qablarına, yorğanlarına və yataq dəstlərinə tətbiq edilən tarifləri azaldır. Siyahılara oyuncaqlar, pirotexnika, süni çiçəklər, Milad ağacı işıqları və digər bayram bəzəkləri, eləcə də uşaq avtomobil oturacaqları da daxil edilib.
Çinin Ticarət Nazirliyi bazar ertəsi günü ABŞ ilə ticarət barışığının yanvarın 10-dək uzadıldığını açıqlayıb.












