Fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə “Azərişıq” ASC regionlarda mütəmadi marrifləndirici tədbirlər, görüşlər təşkil edir.
FED.az xəbər verir ki, belə tədbirlərdən biri Şərurda baş tutub.
Şərur Elektrik Şəbəkəsinin (EŞ) inzibati binasında keçirilən görüşə 20-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nərman Mahmudov iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlar Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, əsaslı təmir işləri barədə məlumatlandırılıb. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir. Ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, izolyasiyalı xətlər çəkilir.
Tədbir iştirakçıları ilə elektron xidmətlər barədə də maarifləndirici söhbət aparılıb. Onlara xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında informasiyalar çatdırılıb.

















