BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Dərinsulu Günəşli" sahəsində həyata keçirilən çoxquyulu sualtı müdaxilə kampaniyasını müvəffəqiyyətlə yekunlaşdırıb.
FED.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə quyular üzrə vitse-prezidenti Rassel Morris bildirib.
Onun sözlərinə görə, şirkət ötən ilin oktyabr ayında AÇG-nin "Dərinsulu Günəşli" sahəsində çoxquyulu sualtı müdaxilə kampaniyasına start verildiyini bəyan edib: "Bu gün məmnuniyyətlə qeyd edirəm ki, kampaniya uğurla yekunlaşdırılıb, bütün nəzərdə tutulan hədəflərə təhlükəsizlik qaydalarına riayət olunmaqla nail olunub və əməliyyat qrafikdən təqribən bir ay tez başa çatdırılıb".
R. Morris bildirib ki, kampaniya çərçivəsində əvvəllər ənənəvi müdaxilə metodları ilə əlçatılması çətin sayılan yeddi sualtı quyu əhatə olunub: "Bu quyularda müdaxilə işlərini tamamlamaqla biz səmərəli monitorinq həyata keçirə, lay təzyiqinin idarə edilməsi və hasilat həcminin artırılması üçün imkanları aşkarlaya bildik ki, bu da yatağın əlavə potensialının üzə çıxarılmasına töhfə verib".
BP-nin vitse-prezidenti qeyd edib ki, bu uğuru xüsusilə diqqətəlayiq edən onun reallaşdırılma tərzidir: "Kampaniya BP-nin Xəzərdəki əməliyyatlarında quyuya dikborusuz yüngül müdaxiləsi (RLWI) texnologiyasının ilk tətbiqini özündə əks etdirib. Bunu gerçəkləşdirmək üçün "Xankəndi" sualtı tikinti gəmisi cəmi bir neçə ay ərzində müvəffəqiyyətlə yüngül quyu müdaxiləsi gəmisinə (LWIV) transformasiya edilib ki, bu da iştirak edən komandaların təsirəedici nailiyyəti olub.
Bu transformasiyanın əsas elementi "Xankəndi" gəmisində "moonpool" sisteminin quraşdırılması və ilk dəfə istismara verilməsi idi. Gəminin mərkəz xətti yaxınlığında mövqelənən "moonpool" gövdə boyunca qorunan şaquli keçid yaradır və sualtı avadanlığın, uzaqdan idarə olunan sualtı aparatların və müdaxilə alətlərinin bilavasitə dəniz dibinə təhlükəsiz endirilməsinə şərait yaradır".
BP rəsmisinin fikrincə, əməliyyatın özəyində "Oceaneering" şirkətinin BORIS sistemi ("Blue Ocean Riserless Intervention System") dayanırdı: "Bu, ənənəvi qazma RLWI-dan istifadəyə ehtiyac olmadan sualtı quyulara girişi mümkün edən təkmilləşdirilmiş sualtı mexaniki kabelli müdaxilə sistemidir. Təqribən 50 ton ağırlığında olmasına baxmayaraq, BORIS gəmidə müvəffəqiyyətlə yerləşdirilib və müdaxilə əməliyyatları boyunca çoxsaylı müstəqil quyu baryerlərini qoruyaraq quyu nəzarətini, təzyiqin saxlanılmasını və tam sualtı idarəetməni təmin edib.
Bu yüksək dərəcədə mürəkkəb layihə BP-nin və əsas podratçılarımızdan bəzilərinin, o cümlədən "Saipem", "Oceaneering" və SLB-nin mühəndislik, sualtı texnologiyalar, gəmi əməliyyatları, istehsal, logistika və quyu xidmətləri sahələrindəki təcrübəsini vahid platformada birləşdirib".
R. Morris vurğulayıb ki, bu layihə sualtı infrastruktura çıxış və onun idarə olunmasının yeni üsullarını nümayiş etdirib: "Hazırda bu, bizə Xəzərdə gələcək sualtı müdaxilələr üçün daha geniş çeviklik imkanı yaradır. Bu, eyni zamanda qabaqcıl texnologiyanın, əməkdaşlığın və əməliyyat mükəmməlliyinin BP CCAT (Xəzər, Mərkəzi Asiya və Türkiyə) regionuna daxil olan AÇG kimi yetkinləşmiş aktivlərdən hasilatın maksimal səviyyəyə çatdırılmasına necə yardımçı ola biləcəyinin parlaq nümunəsidir". (Report)












