“PMD Group” MMC beynəlxalq səviyyədə tanınan və yaxşı iş mühiti üzrə qlobal etalon hesab olunan “Great Place to Work®” sertifikatına layiq görülmüşdür.
FED.az xəbər verir ki, iş yeri mədəniyyətinin qiymətləndirilməsi sahəsində qlobal nüfuzlu təşkilat olan “Great Place To Work®” 30 illik araşdırma və məlumatlara əsaslanaraq iş yerlərinin ekspertizasını həyata keçirir və qurumlara bütün əməkdaşlar üçün ən yaxşı mühiti daim təkmilləşdirməyə dəstək olur. Təşkilatın xüsusi platforması vasitəsi ilə hər bir əməkdaşın iş təcrübəsi beynəlxalq metodologiya və müstəqil araşdırma prinsipləri əsasında qiymətləndirilir. Yüksək nəticə göstərən iş yerləri “Great Place To Work®” sertifikatına layiq görülür.
PMD əməkdaşları arasında aparılan qiymətləndirmənin nəticəsində əməkdaşların təşkilata etimadı, iş mühitindən məmnunluğu, liderlik yanaşması, əməkdaşlıq mədəniyyəti və peşəkar inkişaf imkanları ilə bağlı rəyləri yüksək göstəriciyə malik olmuşdur. Beləliklə, PMD ümumi sorğu standartlarında gözləntiləri üstələyən nəticə əldə etməklə “Great Place to Work®️” sertifikatına layiq görülüb.
Əldə olunan bu uğur ilk növbədə PMD əməkdaşlarının şirkətə olan etimadının, peşəkarlığının və ortaq dəyərlər ətrafında formalaşmış güclü korporativ mədəniyyətinin və şirkətin beynəlxalq standartlara uyğun korporativ idarəetmə yanaşmasının növbəti təsdiqidir.
PMD daşınmaz əmlakın inkişafı, tikintisi, əmlakın idarə olunması, istismar və əlaqəli biznes istiqamətlərində fəaliyyət göstərən şirkətlər qrupudur. PMD innovativ yanaşma, yüksək keyfiyyət standartları və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq ölkənin iqtisadi inkişafına və müasir şəhər mühitinin formalaşmasına töhfə verir.
İnsan kapitalına investisiya qoyuluşu, əməkdaşların inkişafı və rifahının təmin edilməsi PMD-nin strateji prioritetləri sırasında qalmağa davam edəcəkdir.












