“Şirkət öhdəliklərini yerinə yetirmir”
“Rufnurəlli-933” MMC-nin direktoru Rüstəmov Rövşən Rüstəm oğlu bildirir ki, cari ilin noyabrın 30-də Bakının Heydər Əliyev prospektinə yaxın ərazidə, günorta saatlarında 90 AZ 933 “Toyota Prado” markalı maşınla hərəkət edən zaman "Mercedes Benz 200" markalı 90 GL394 nömrəli maşın sağ tərəfdən vuraraq qəza törədib. "Mercedes Benz 200" markalı 90 GL394 nömrəli maşın kobud qayda pozuntusu edib və nəticədə “Toyota Prado” avtomobilinə ciddi ziyan dəyib.
Zərərçəkmiş şikayətçi bildirir ki, avtomobil “Toyota Bakı Mərkəzi”ndə servis qeydiyyatında olduğu üçün dəymiş zərər də həmin mərkəz tərəfindən hesablanıb. “Toyota Bakı Mərkəzi”nin hesabladığı zərər haqqında sənəddə 5 596 manat qeyd olunub. Təbii ki, bu növ icbari sığorta üzrə maksimum avtomobilə dəymiş zərər 5 min manat olmalıdır. Lakin buna baxmayaraq ”Meqa Sığorta” şirkəti üzərinə düşən öhdəliyi yerinə yetirmir.
Şirkət avtomobilə dəymiş zərəri 2 592 manat həcmində hesablayıb və bununla bağlı şirkətin sığorta hadisələrinin tənzimlənməsi departamentinin müdiri Samid Mirzəyev tərəfindən rəsmi məktub da göndərilib.
Mən tələb edirəm ki, şirkət qiymətləndirməni obyektiv olaraq yenidən aparsın və avtomobilə dəymiz zərər tam qarşılansın.
FED.az qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə “Meqa Sığorta” şirkətinə müvafiq sorğu ünvanlayıb. Sorğunun cavabıını olduğu kimi təqdim edirik:
“RUFNURELİ-933” MMC-nin FED.az redaksiyasına Cəmiyyətimiz barəsində daxil olan şikayəti ilə bağlı aşağıdakıları diqqətinizə çatdırırıq.
Məlumat üçün bildiririk ki, “Meqa Sığorta” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz” markalı avtomobilin sürücüsü 30.11.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir və “RUFNURELİ-933” MMC-yə məxsus “Toyota Prado” markalı avtomobilə maddi ziyan vurmuşdur.
Nəzərinizə çatdırırıq ki, qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat daxil olan kimi Cəmiyyətimiz tərəfindən dərhal qanunvericiliyin tələblərinə uyğun müvafiq addımlar atılmışdır. Həmçinin bildiririk ki, qanunvericilikdə bu kimi sığorta hadisələrinin tənzimlənməsi mexanizminə dair müddəalar cox müfəssəl əks olunmuşdur.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən “Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir”. Həmçinin İcbari Sığortalar haqqında Qanunun 16.2-ci maddəsində qeyd olunur ki, “Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır”. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, “Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir”.
Beləliklə, Azərbaycan Respublikasının sığorta qanunvericiliyinin yuxarıda bəhs olunan müddəalarını rəhbər tutaraq şikayət ərizəsində bəhs olunan hadisə ilə bağlı həm “RUFNURELİ-933” MMC-nin rəhbərliyi, həm də hadisə zamanı onu idarə edən sürücüyə bildirilmişdir ki, “Toyota Prado” markalı avtomobilə dəymiş zərər tərəfimizdən qiymətləndirilməsi üçün əməkdaşlıq etdiyimiz təmir müəssisəsinə təqdim edilsin. Lakin qarşı tərəf buna məhəl qoymayaraq (yəni, avtomobilin tərəfimizdən qiymətləndirilməsi üçün şərait yaratmayaraq) avtomobilini Toyota Bakı Mərkəzinə apararaq orada bizim iştirakımız olmadan qiymətlədirmiş və qüsur aktını bizə təqdim etmişdir. Belə olduğu təqdirdə sığorta ödənişinin tənzimlənməsi üçün əməkdaşlarımız zədələnmiş avtomobili hadisə zamanı çəkilmiş fotoşəkillər əsasında qiymətləndirmiş və dəymiş zərər məbləğinin 2592 manat olması qənaətinə gəlmişdir. Bununla bağlı “RUFNURELİ-933” MMC-yə rəsmi məktub da göndərilmiş, qeyd olunan məbləğin pul şəklində ödənilməsi və ya avtomobilin təmir üçün bizə təhvil verilməsi bildirilmiş, həmçinin tərəfimizdən müəyyən edilmiş zərər məbləği ilə razı olmadığı halda, qarşılıqlı razılıqla təyin olunmuş müstəqil ekspert tərəfindən qiymətləndirilmənin təşkil oluna biləcəyi qeyd edilmişdir.
Bununla da, yuxarıda qeyd olunan faktlara istinad edərək “RUFNURELİ-933” MMC-nin şikayətini tamamilə əsassız hesab edirik və bildiririk ki, bəhs olunan sığorta hadisəsi “Toyota Prado” markalı 90 AZ 933 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ədalətli qiymətləndirilməsi üçün Cəmiyyətimiz bütün mümkün tədbirləri görmüş və sığorta qanunvericiliyinə zidd heç bir qərar qəbul etməmişdir.