Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır.
FED.azxəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov oktyabrın 29-da pul siyasəti qərarına dair mətbuat konfransında aylıq 20 min manat və gündəlik beş mədaxil üzrə limitlərin tətbiqini şərh edib. Onun sözlərinə görə, əlavə ehtiyacı olan müştərilərin müraciəti qiymətləndirilərək limitlər artırıla bilər. Eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın verilməsinə də aiddir.
Kazımov məhdudiyyətləri kartlar üzərindən aparılan əməliyyatların böyük həcmi və onlardan qanunsuz məqsədlərlə istifadə riskləri ilə əlaqələndirib. Onun açıqladığı rəqəmlərə görə, 2026-cı ilin yanvar–sentyabrında kartdan-karta köçürmələrin həcmi 48 milyard manat olub. 2025-ci ilin bütöv dövründə isə bu göstərici 66 milyard manat təşkil edib.
AMB sədri bildirib ki, bəzi hallarda yaşlı şəxslərin, o cümlədən pensiyaçıların adına ödəniş müqabilində kartlar açdırılır və həmin kartlardan qanunsuz fəaliyyətlərdə istifadə olunur. Eyni kart məhsulu üzrə bir neçə kart əldə etməklə dövriyyənin onların arasında bölüşdürülməsi hallarına da rast gəlinir. Kazımov tələblərin vergidən yayınma və digər qanunsuz fəaliyyət risklərinin qarşısının alınmasına yönəldiyini deyib.
Onun sözlərinə görə, limitlərdən sonra əməliyyatların nağd dövriyyəyə keçməsi barədə narahatlıqlar müşahidələrlə təsdiqlənmir. AMB sədri sentyabrda nağdlaşdırmanın həcminin avqustla müqayisədə azaldığını bildirib.
Ödəniş alətlərinə mədaxil üzrə vahid baza limitlərin tətbiqinə avqustun 1-dən başlanılıb. Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatına görə, bu yanaşma bankların və elektron pul təşkilatlarının Azərbaycan Fintex Assosiasiyası ilə birgə razılaşması əsasında formalaşdırılıb. Müştərinin risk səviyyəsi nəzərə alınmaqla fərqli limitlər və istisnalar müəyyənləşdirilə bilər.
Gündəlik beş əməliyyat həddi karta və ya elektron cüzdana vəsaitin qəbulunu əhatə edir. Bankomat və özünəxidmət terminallarından nağd pulun mədaxili də bu saya daxildir. Sözügedən yanaşma vəsaitin kartdan göndərilməsinə ayrıca məhdudiyyət qoymur. Müştərinin öz kartları arasında köçürmələri və yaxın qohumlarının kartlarından daxilolmalar limitlərdən istisna edilə bilər.
Kartların sayı üzrə baza yanaşması isə hər bankın hər bir kart məhsulu üçün ayrıca tətbiq olunur: müştəriyə manatla bir, hər bir xarici valyutada da ayrıca bir kart verilməsi nəzərdə tutulur. Müştəri həmin bankın müxtəlif kart məhsullarını, eləcə də digər bankların kartlarını əldə edə bilər.
Əməkhaqqı, pensiya və digər sosial ödəniş kartları, sahibkarlıq və depozit hesablarına bağlı kartlar say məhdudiyyətindən istisnadır. Virtual kartlar aid olduqları məhsulun tərkibində qiymətləndirilir. Əvvəldən verilmiş kartların avtomatik bağlanması nəzərdə tutulmur; onlardan etibarlılıq müddəti başa çatanadək və ya müştəri kartı bağlayanadək istifadə mümkündür. Əlavə kart üçün müraciətə bank fərdi qaydada baxır.
Elektron pul hesabları üzrə baza sayı manatla iki, hər bir xarici valyutada isə bir hesabdır. İstifadə məqsədi əsaslandırıldıqda və əməliyyatlar müştəri barədə mövcud məlumatlara uyğun olduqda hesabların sayı artırıla bilər.
Elektron köçürmələrlə bağlı ayrıca yenilik Maliyyə Monitorinqi Xidmətinin hesabatlılıq qaydalarına aiddir. Xidmətin sentyabrın 25-də qəbul etdiyi qərara əsasən, bir elektron köçürmə 20 min manat və ya daha çox olduqda maliyyə institutu əməliyyat barədə məlumat təqdim etməlidir. Fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxsin aylıq elektron köçürmələri ümumilikdə 50 min manatı keçdikdən sonra həmin ay apardığı hər növbəti köçürmə də hesabatlandırılacaq.
Yeni mexanizmin tətbiqi oktyabrın 1-dən 2027-ci il yanvarın 1-nə keçirilib. Bu qərar bankların və digər maliyyə institutlarının məlumat təqdim etmək öhdəliyini müəyyənləşdirir.















