Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 3,2 milyard dollar olub.
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.
Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artıb.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsullarının ixrac edildiyi əsas ölkə Rusiya olub. Bu ilin 9 ayında Rusiyaya 881,4 milyon dollarlıq məhsul ixrac edilib. Bu, illik müqayisədə 2,5 milyon dollar və ya 0,3% çoxdur.
Siyahıda ikinci yeri 475,2 milyon dollarlıq ixrac ilə Türkiyə tutur. Türkiyəyə ixrac ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 39,4 milyon dollar (9%) artıb.
Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələrin ilk üçlüyünü Gürcüstan tamamlayır. Bu ölkəyə cari ilin yanvar-sentyabr aylarında 443 milyon dollarlıq məhsul satılıb ki, bu da, illik müqayisədə 198,2 milyon dollar (81%) çoxdur.
Siyahıda dördüncü yeri 327,9 milyon dollarlıq ixrac ilə İsveçrə, beşinci yeri 121,2 milyon dollarlıq ixrac ilə Ukrayna tutub. Bu ölkələrə ixrac illik müqayisədə müvafiq olaraq 80,1 milyon dollar (32,3%) artıb və 26,1 milyon dollar (17,7%) azalıb.














