"Bank kartlarına qoyulan limitlər mütləq qadağa kimi qəbul edilməməlidir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Sədr qeyd edib ki, qadağa o demək olardı ki, müştəri səbəbini izah etsə belə, ona ikinci kart verilməsin, aylıq limiti artırılmasın və ya beş əməliyyat həddi dəyişdirilməsin:
"Hazırkı yanaşmada isə müştəri banka müraciət edərək vəziyyətini izah edə bilər. Məsələn, nə üçün onun hesabına gündə beş dəfədən çox pul daxil olur, aylıq dövriyyəsi nə üçün 20 min deyil, 50 min manat olmalıdır və nə üçün ona iki kart lazımdır? Bu halların əsaslandırılması vacibdir"
"Əgər şəxs qanuni fəaliyyətlə məşğuldursa, sahibkarlıq fəaliyyətini gizlətmirsə və qeyri-qanuni əməliyyatlar aparmırsa, bu limitlərin onun üçün problem yaratmalı olduğunu düşünmürük", - deyə o, əlavə edib.















