Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bildirib.
Mərkəzi Bankın sədri ABB-nin Özbəkistan bazarına çıxışı ilə bağlı prosesdə tənzimləyici qurumun bankı dəstəklədiyini qeyd edib.
“ABB-nin Özbəkistan bazarına çıxışı ilə bağlı bizə məlumat verilmişdi. Biz dəstəkləyirdik və bütün proses boyu ABB-nin yanında idik”, – deyə Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan banklarının 2027-ci ildə digər ölkələrin bazarlarına çıxışı ilə bağlı Mərkəzi Bankda konkret məlumat yoxdur.
Bununla belə, tənzimləyici qurum belə təşəbbüslər yaranacağı təqdirdə banklara dəstək göstərməyə hazırdır.
“Bizim ümumi mövqeyimiz müsbətdir. Bu, yalnız maliyyə sektorunun inkişafına töhfə verəcək. Ona görə banklarımızın xarici bazarlara çıxışını dəstəkləyirik”, – deyə sədr vurğulayıb.
Taleh Kazımov bildirib ki, xarici bazarlara genişlənmənin dəstəklənməsi üçün əsas şərt bu prosesin Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığına əlavə risklər yaratmamasıdır.
Beləliklə, Mərkəzi Bank yerli bankların beynəlxalq fəaliyyətinin genişləndirilməsini sektorun inkişafı baxımından müsbət qiymətləndirsə də, risklərin idarə olunmasını əsas meyarlardan biri hesab edir.















