"Ötən il və ondan əvvəlki illərdə də bank olmayan kredit təşkilatları (BOKT) kredit üzrə komissiyalar, dəbbə pulu və digər ödənişlər nəzərə alınmaqla, maksimum nə qədər gəlir əldə edilə biləcəyinə dair məhdudiyyətlər tətbiq etmişik".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hər il bu tələbləri daha da sərtləşdirərək orta göstəriciləri azaltmağa çalışılır:
"BOKT-lərə də mesajımız ondan ibarətdir ki, bu tip kreditləşmənin genişləndirilməsi bizim üçün arzuolunan deyil. Bəzi tənzimləyici tələblər və icazə mexanizmləri maliyyə institutlarının biznes modelinə təsir göstərə bilər. Bununla belə, əsas mesajımız odur ki, gündəlik kreditləşmənin həcminin azalmasını istəyirik".
"Ümumiyyətlə, BOKT-lərin biznes modeli və onların tətbiq etdiyi faiz dərəcələri banklarla müqayisədə fərqlənir. BOKT-lər də dünyanın maliyyə sistemində fəaliyyət göstərən institutlardır və onların təqdim etdiyi kreditlər, adətən, daha bahalı olur.
Bunun səbəbi həmin kreditlərin daha riskli olması və borcalanlara qarşı tələblərin nisbətən fərqli müəyyənləşdirilməsidir. BOKT-lər də borcalanların gəlirlərini və ödəmə qabiliyyətini qiymətləndirməli olsalar da, kredit məhsullarının xüsusiyyətləri və risk səviyyəsi fərqlənir. Nəticədə, daha yüksək risk bu kreditlər üzrə daha yüksək gəlirlilik tələbi və faiz dərəcələri ilə nəticələnir", - deyə o, əlavə edib.














