Azərbaycanda bank sektorunda yüksək likvidlik şəraitində Maliyyə Nazirliyinin vəsaitlərin yerləşdirilməsi üzrə keçirdiyi hərracların əksəriyyətində yerləşdirmə baş tutmur.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında bildirib.
Taleh Kazımov bildirib ki, hərracların əksəriyyətində yerləşdirmə baş tutmur və bunu bank sektorundakı izafi likvidliklə əlaqələndirib.Mərkəzi Bankın sədri qeyd edib ki, yerləşdirmənin baş tutduğu hərraclarda da məbləğ bank sektorundakı ümumi likvidliyin həcmi ilə müqayisədə kifayət qədər aşağıdır. Bu səbəbdən Maliyyə Nazirliyinin müvafiq əməliyyatları monetar siyasətin həyata keçirilməsinə ciddi təsir göstərmir.
Kazımov Maliyyə Nazirliyi ilə Mərkəzi Bank arasında sıx əməkdaşlığın mövcud olduğunu da vurğulayıb. Onun sözlərinə görə, iki qurum arasında əlaqələndirmə yalnız vəsaitlərin yerləşdirilməsi ilə bağlı məsələləri deyil, ümumilikdə fiskal və monetar siyasətlərin uzlaşdırılmasını da əhatə edir.
Qeyd edək ki, bank sektorunda izafi likvidliyin mövcudluğu bankların əlavə vəsait cəlb etmək ehtiyacını azalda bilər. Bu baxımdan Maliyyə Nazirliyinin yerləşdirmə əməliyyatlarının nəticələri bank sistemində likvidlik şəraitinin qiymətləndirilməsi üçün əhəmiyyətlidir.
Mərkəzi Bank bildirib ki, məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin sentyabr ayının sonuna 6.2 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.2 dəfə artıb.













