"Dünyada baş verən proseslər, xüsusilə xarici bazarlardakı vəziyyət Azərbaycan iqtisadiyyatına da təsir göstərir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunub və qlobal iqtisadiyyatda baş verən proseslər ölkəmizdən yan keçmir.
"Azərbaycan iqtisadiyyatına gəldikdə isə əsas amillərdən biri neft-qaz sektorunda artımın zəifləməsidir. Hazırkı dövrdə bunun əsas səbəblərindən biri xarici amillərlə bağlıdır", - deyə o, əlavə edib.
Sədr qeyd edib ki, bununla belə, biz iqtisadiyyatın strukturunda ciddi problemlərin mövcud olduğunu düşünmürük:
"2026-cı ilin sonuna və 2027-ci ilə dair proqnozlarımızı da yeniləmişik. Belə ki, 2026-cı ilin sonuna iqtisadi artımın 4% səviyyəsində olacağı proqnozlaşdırılır. 2027-ci ildə isə qeyri-neft sektorunda iqtisadi artımın 4,3% təşkil edəcəyi gözlənilir. Bu, əvvəlki proqnozdan 0,4 faiz bəndi yüksəkdir.
Qiymətləndirmələrimizə görə, iqtisadi artıma təsir göstərən amillər həm bu ilin sonuna, həm də gələn il iqtisadi artımın sürətlənməsini dəstəkləyəcək".














