Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda konsolidasiya proseslərini, o cümlədən bankların birləşməsini və satın alınmasını dəstəkləyir. Tənzimləyici qurum daha güclü maliyyə institutlarının formalaşması üçün bu prosesləri təşviq etməyə də hazırdır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bank sektorunda birləşmə və satınalmaların gələcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Taleh Kazımov qeyd edib ki, 2026-cı ildə Azərbaycanın bank sektorunda konsolidasiya istiqamətində iki mühüm proses baş verib.
Bunlardan biri “Bank BTB”nin aktiv və öhdəliklərinin Azərbaycan Beynəlxalq Bankının (ABB) balansına ötürülməsi, digəri isə “Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin alınmasına dair razılaşmadır.
Mərkəzi Bankın sədri vurğulayıb ki, tənzimləyici qurum bankların konsolidasiyasına müsbət yanaşır və bu prosesin sektorun rəqabət qabiliyyətini artıracağını gözləyir.
“Biz ümumiyyətlə Mərkəzi Bank olaraq konsolidasiyanı dəstəkləyirik. Çünki maliyyə sektorumuzun strukturuna nəzər salsaq, görərik ki, iki-üç böyük oyunçumuz var. Konsolidasiya nəticəsində rəqabətin də artacağını gözləyirik”, – deyə Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, növbəti dövrdə bankların birləşməsi və ya satın alınması ilə bağlı yeni təşəbbüslər ortaya çıxarsa, Mərkəzi Bank maliyyə sektorunun dayanıqlılığı şərtilə həmin prosesləri dəstəkləməyə hazırdır.
AMB sədri bildirib ki, hazırda 2026-cı ilin qalan hissəsi üçün tənzimləyici qurumun gündəliyində əlavə konsolidasiya planı yoxdur. Növbəti ildə belə proseslər baş verərsə, ictimaiyyətə məlumat veriləcək.
“İki problemli bankın birləşməsi daha böyük problem yarada bilər”
Taleh Kazımov bankların birləşməsinin bütün hallarda müsbət nəticə vermədiyini də diqqətə çatdırıb. Onun fikrincə, konsolidasiya yalnız nəticədə daha güclü və dayanıqlı maliyyə institutunun yaranmasına xidmət etdikdə məqsədəuyğundur.
“İki problemli bankı birləşdirməklə daha böyük problem yaranır. Ona görə biz belə konsolidasiyanın tərəfdarı deyilik. İki və ya daha çox bank birləşərək daha güclü maliyyə institutu yaradırsa, sözsüz ki, bunu dəstəkləyirik”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.
O əlavə edib ki, konsolidasiya həm bankların birləşməsi, həm də bir bankın digərini satın alması yolu ilə həyata keçirilə bilər.
“Kiçik banklar üçün rəqabət getdikcə çətinləşir”
Taleh Kazımov Azərbaycanda bankların sayının və bazarın ölçüsünün də nəzərə alınmalı olduğunu bildirib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının miqyası və bank sektorundakı rəqabət şəraiti çoxsaylı kiçik maliyyə institutlarının mövcudluğunu zəruri etmir: "Ölkə balacadır, iqtisadiyyat balacadır, çox sayda kiçik oyunçuların olması vacib deyil".
Mərkəzi Bankın sədri xüsusilə informasiya texnologiyalarına, rəqəmsal bankçılığa və yeni texnoloji həllərə tələb olunan investisiyaların artmasını kiçik banklar üçün əsas çətinliklərdən biri kimi qiymətləndirib. Bu şəraitdə kiçik bankların böyük maliyyə institutları ilə rəqabət aparmaq imkanlarının məhdudlaşdığını qeyd edən Taleh Kazımov birləşmə və satınalmaların səmərəli çıxış yolu ola biləcəyini bildirib.
Onun fikrincə, bankların resurslarının birləşdirilməsi əməliyyat səmərəliliyini yüksəltməklə yanaşı, texnoloji inkişaf üçün daha geniş investisiya imkanları yarada bilər.
Mərkəzi Bankın sədri qeyd edib ki, tənzimləyici qurum gələcəkdə bankların sağlam və iqtisadi baxımdan əsaslandırılmış birləşmələrini təşviq etməyə hazırdır.















