Ölkədə QR kod vasitəsilə ödənişlərin genişləndirilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov danışıb.
Mərkəzi Bankın sədri bildirib ki, nağdsız ödənişlər üzrə sahibkarların xərclərinin azaldılması istiqamətində bir sıra tədbirlər görülür. Bu tədbirlərdən biri Azərbaycanda AZQR standartının tətbiqidir.
Onun sözlərinə görə, artıq banklar üçün bütün POS terminallarda AZQR standartı vasitəsilə ödənişlərin qəbulunun təmin edilməsi məcburidir.
Kazımov qeyd edib ki, Mərkəzi Bank tərəfindən banklararası mübadilə haqqının (interchange) yuxarı həddinin müəyyən edilməsi də ödənişlərin qəbulu üzrə xərclərin azaldılmasına xidmət edir.
Mərkəzi Bankın sədri sahibkarları QR kod vasitəsilə ödəniş qəbulunu təşviq etməyə çağırıb.
Onun sözlərinə görə, sahibkarlar banklara müraciət edərək QR kod vasitəsilə ödəniş qəbul etmək istədiklərini bildirməli və bu əməliyyatlar üçün daha aşağı komissiya tariflərinin tətbiqini müzakirə etməlidirlər.
Kazımov vurğulayıb ki, QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır və bu imkanlardan istifadə sahibkarların xərclərinin azaldılmasına kömək edə bilər.













