İyulun 1-də Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış, regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı ictimaiyyətə təqdim olunub.
Eləcə də bax: Agentlik: Ötən il daxili turizm - 3 Milyona Yaxın Səfər İtirib
FED.az xəbər verir ki, təqdimat mərasimdə “RİTM” regional sahibkarlıq proqramının turizm sahəsi üzrə investorları və İT mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, habelə yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcəyi vurğulanıb.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında startap proqramının bölgələrimizdə xidmət keyfiyyətinin yüksəldilməsinə, turizm məhsullarının sayının və çeşidinin artmasına, həmçinin dayanıqlı turizmin inkişafına töhfə verəcəyini bildirib.
O söyləyib ki, regional turizmin inkişafı məşğulluğun artmasına və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir: “Bu, Azərbaycanda regional turizmə həsr olunmuş ilk startap proqramıdır. “Regional İnnovativ Turizm Məhsulu”, qısaca “RİTM” adlanan layihədə kənd turizmi, e-ticarət, kulinariya, ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid olan startaplar təşviq olunacaq. Regional turizmi inkişaf etdirmək qarşıda duran əsas vəzifələrdəndir. Sirr deyil ki, regional turizmin inkişafı məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir. Bu səbəbdən “RİTM” proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram, həmçinin bölgələrimizdə xidmət keyfiyyətinin artırılması, turizm məhsullarının sayının və növünün çoxaldılması, həm də dayanıqlı turizmin inkişafına töhfə verəcək. Ölkəmizin, eləcə də ayrı-ayrı regionlarımızın turizm potensialı çox zəngindir. Hər bir regionumuzun özünəməxsus cəhətləri var. Bu fərqlilikləri nəzərə alaraq layihə şimalda Quba, Qusar, şimal-qərbdə Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Qax, Balakən, Oğuz, cənubda Lənkəran, Lerik, Masallı, qərbdə Gəncə, Mingəçevir, Naftalan, həmçinin Naxçıvan və Bakını əhatə edəcək”.
Vurğulayıb ki, “RİTM” layihəsi həm yeni başlayan startap həvəskarları, həm də mikro və kiçik sahibkarları birləşdirən bir platforma kimi fəaliyyət göstərəcək. “RİTM layihəsində ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid startaplar təşviq olunacaq: “Proqramın hazırlanması və icrasında bir sıra dövlət və özəl təşkilatlar dəstək göstərir. Buna görə bütün tərəfdaşlarımıza və startaplar arasında keçiriləcək müsabiqənin qaliblərinə dəstək verəcək təşkilatlara təşəkkür edirəm. Tərəfdaşlarımızdan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Bizim bir sıra layihələr üzrə qarşılıqlı, faydalı tərəfdaşlıq əlaqələrimiz mövcuddur. KOBİA-nın regionlarda fəaliyyət göstərən sahibkarlara verdiyi dəstəyi yüksək qiymətləndirirəm, qurumun idarə heyətinin sədri Orxan Məmmədova buna görə təşəkkür edirəm. İnanırıq ki, bu cür layihələr regionlarımızın turizm potensialının effektiv istifadəsinə, turizm imkanlarının tanıdılmasına, daha çox turistin cəlb edilməsinə öz müsbət təsirini göstərəcək”, - deyə Fuad Nağıyev söyləyib.
Bölgələrimizdə turizmin inkişaf etdirilməsinin dövlətimizin başçısının daim diqqətində olduğunu söyləyən Dövlət Turizm Agentliyinin sədri buna görə Prezident İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "RİTM” layihəsinin real və ölçülə bilən nəticələrə yönəldiyini bildirərək layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını qeyd edib. O, layihədə KOB subyektləri vasitəsilə məşğulluğu təmin etmək istiqamətində olan komponentlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Təqdimat prosesində “RİTM” proqramına qoşulmaq üçün hazırlanmış https://ritm.tourismboard.az/ veb-saytının funksiyaları izah olunub, eləcə də startap proqramına müraciətlə bağlı şərtlər və qaydalar açıqlanıb.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun məsul şəxslərinin iştirakı ilə keçirilən mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, “RİTM” proqramına tərəfdaş qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) tərəfdaşlıq edir.