Elektroenergetika sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin araşdırılması məqsədilə Komissiya yaradılıb.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.
Elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, bu sahələrin inkişafı üzrə zəruri tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyinin təhlili, habelə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:
Komissiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri:
- Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
- Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
- Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini
- Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.
Komissiyaya tapşırılıb:
beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə 2 ay müddətində:
- ölkənin enerji təhlükəsizliyi də nəzərə alınmaqla elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin vəziyyətini araşdırsın;
- elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyəti təhlil etsin və onun inkişafı üzrə tədbirləri müəyyən etsin;
- kiçik su elektrik stansiyalarının tikintisinin və istismarının səmərəliliyini araşdırsın;
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirsin;
- zərurət olduqda, aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərini Komissiyanın işinə cəlb etsin.
bu Sərəncamın 2.1-ci bəndinə əsasən araşdırma və təhlil nəticələrinə dair məlumatları və təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etməlilər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndinin icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidir.













