Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan otellərinin gəlirləri 497 milyon 258 min manat olmaqla, ötən ilin eyni dövrünə nəzərən 3,1 milyon manat (0,6%) artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, otellərin gəlirlərinin böyük hissəsi müştərilərə satılan otaqlardan gəlir. Belə ki, Azərbaycan otelləri 9 ayda nömrələrin satışından 316 milyon 576 min manat qazanıb. Bu, ümumi gəlirlərin 63,7%-i deməkdir.
Otellərin ikinci ən çox pul qazandığı yer restoranlardır. Belə ki, otellər iaşə xidmətlərindən 9 ayda 128 milyon 580 min manat qazanıb. Bu isə ümumi gəlirlərin 25,9%-i deməkdir.
Bundan başqa, bu ilin yanvar-sentyabr aylarında otellər müalicə-sağlamlıq xarakterli xidmətlərdən 13 milyon 164 min manat (2,6%), konfrans zallarının təqdim edilməsi xidmətlərindən 6 milyon 293 min manat (1,3%), ekskursiya xidmətlərindən 49,3 min manat, digər xidmətlərdən 32 milyon 595 min manat (6,6%) pul qazanıb.














