Azərbaycanda çoxmənzilli binaların idarə olunmasında mövcud problemlərin həlli üçün yeni rəqəmsal platforma – “Qonshu” startap layihəsi istifadəyə verilib. Bina sakinləri ilə idarəedici şirkətləri vahid sistemdə birləşdirən startap xidmət haqlarının toplanması, maliyyə şəffaflığının təmin edilməsi və idarəetmə proseslərinin rəqəmsallaşdırılmasını hədəfləyir.
FED.AZ “Qonshu” layihəsinin imkanları, üstünlükləri və gələcək inkişaf perspektivləri ilə bağlı layihənin (mobil tətbiqin) satış direktoru Anar Verdiyevlə olan müsahibəni təqdim edir.
Anar bəy, Azərbaycanda çoxmənzilli binaların idarə olunmasında indiyədək həllini gözləyən hansı problemlər var?
Bildiyimiz kimi, Azərbaycanda çoxmənzilli binaların idarə olunmasında bir sıra sistemli problemlər mövcuddur. Əsas problemlərdən biri xidmət haqlarının vaxtında yığılmamasıdır. Sakinlərin bir qismi ödəniş etməkdən imtina edir, mövcud mexanizmlər isə bu ödənişlərin effektiv şəkildə təmin olunmasına hər zaman imkan vermir.
Digər mühüm məsələ toplanan vəsaitlərin xərclənməsi ilə bağlı şəffaflıq və hesabatlılığın yetərli səviyyədə olmamasıdır.
Bundan əlavə, binaların layihələndirilməsi və tikintisi zamanı bəzi texniki məsələlərin nəzərə alınmaması gələcəkdə əlavə və ciddi xərclərə səbəb ola bilir. Mövcud xidmət haqları isə bəzən binanın uzunmüddətli saxlanılması və təmiri üçün kifayət etmir.
Binaların gələcəkdə yarana biləcək iri həcmli təmir və texniki xərclərə qarşı maliyyə ehtiyatlarının və müvafiq fondların olmaması da problemlər sırasındadır. Nəhayət, məlumatlandırma və kommunikasiya çatışmazlığı səbəbindən sakinlərin müraciətləri və problemləri vaxtında qeydə alınmır, nəticədə onların həlli gecikir.
"Qonshu" startapının yaradılması bu problemlərdən hansının həllinə imkan verəcək və bu problemləri necə həll edəcək?
Qonshu – sahə mülkiyyətçilərini, rezidentləri və bina idarəçilərini vahid platformada birləşdirən texnoloji və rəqəmsal həllidir.
Platforma vasitəsilə sakinlər mənzilləri və yaşadıqları bina ilə bağlı gündəlik ehtiyaclarını vahid tətbiq üzərindən qarşılaya, bina idarəçiləri isə həm fiziki, həm də rəqəmsal idarəetmə proseslərini mərkəzləşdirilmiş şəkildə həyata keçirə bilirlər.
Qonshu-nun əsas məqsədi bina idarəçiliyində şəffaflığı, operativliyi və kommunikasiya effektivliyini artırmaq, mövcud prosesləri rəqəmsallaşdırmaq və həm sakinlər, həm də idarəçilər üçün daha rahat idarəetmə mühiti yaratmaqdır.
Bu startap nə bacarır, yəni onun hansı imkanları və funksiyaları var?
Qonshu platforması bina sakinlərinə və idarəçilərinə bir sıra imkanlar təqdim edir:
- Kommunal xidmətlərin və mənzillə bağlı digər ödənişlərin nağd və ya nağdsız formada həyata keçirilməsi;
- Sakinlərlə, komendant və bina idarəçiləri ilə birbaşa əlaqə;
- Bina ilə bağlı məlumatların, xəbərlərin və vacib bildirişlərin paylaşılması və izlənilməsi;
- Sakin müraciətlərinin qəbulu, izlənilməsi və idarə olunması;
- Sakinlər və binalar üçün eksklüziv təkliflər və loyallıq proqramları;
- Ağıllı bina və mənzil sistemlərinin vahid platformaya inteqrasiyası (qapı kilidləri, domofonlar, lift kontrollerləri, şlaqbaumlar və s.);
- Mənzillə bağlı müxtəlif xidmətlərin təqdim olunduğu marketpleys.
Beləliklə, Qonshu bina idarəçiliyi ilə bağlı müxtəlif prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirir.
Hazırda çoxmənzilli binalarda ən çox yaşanan əsas problem xidmət haqlarının vaxtında ödənilməməsidir. Elektron şəkildə ödənilən kommunal ödənişlərdən (su, qaz, işıq) fərqli olaraq, xidmət haqlarının yığılmasına nəzarət etmək daha çətindir. Qonshu bu problemi, yəni ödəniş intizamı məsələsini necə həll edir?
Qonshu platforması bina idarəçilərinə ödəniş proseslərini daha effektiv idarə etmək üçün həm inzibati, həm də texnoloji imkanlar təqdim edir.
İnzibati metodlara avtomatik giriş və xidmət məhdudlaşdırılması imkanları daxildir ki, rezident ödəniş etmədiyi zaman onun binadan aldığı müəyyən xidmətlər avtomatik olaraq dayanır və ya limitlənir. Rezidentlər ödənişi etdiyi an isə xidmət bərpa olunur, bunun üçün heç bir manual müdaxiləyə ehtiyac qalmır.
Bununla yanaşı, platforma ödənişlərin elektron qaydada həyata keçirilməsini, borcların izlənilməsini və sakinlərə avtomatik xatırlatmaların göndərilməsini təmin edir. Beləliklə, ödəniş prosesində insan faktorundan asılılıq azalır, idarəetmə isə daha sistemli və operativ olur.
Sakinlərin bir hissəsi xidmət haqqını ödəməmələrini ödənilən vəsaitin necə xərcləndiyini bilməmələri ilə əsaslandırırlar. Qonshu bu məsələni necə həll edir? Sakinlər proqram vasitəsilə xərclərə nəzarət edə bilirlərmi?
Qonshu platformasında bunun üçün xüsusi maliyyə hesabatlılığı bölməsi mövcuddur.
Bina idarəçiləri gəlir və xərcləri sistemə daxil edərək hesabatlar yarada bilirlər. Bundan əlavə, inteqrasiya imkanları vasitəsilə müvafiq maliyyə idarəetmə sistemlərindən məlumatların avtomatik əldə edilməsi də mümkündür.
İdarəçilər hesabatların sakinlərlə hansı tarixlərdə paylaşılacağını əvvəlcədən müəyyən edə bilirlər. Müvafiq tarixlərdə sakinlərə bildiriş göndərilir və onlar binanın gəlir və xərcləri, eləcə də vəsaitlərin hansı istiqamətlərə sərf edildiyi barədə məlumat əldə edə bilirlər.
Bu yanaşma maliyyə şəffaflığını artırır və sakinlərlə bina idarəçiləri arasında qarşılıqlı etimadın formalaşmasına kömək edir.
Startapın əsas istifadəçisi və ya müştərisi kimdir: mənzildə yaşayanlar, MTK, yoxsa binanı idarə edən şirkət?
Qonshu həm rezidentlər, həm də bina idarəçiləri üçün nəzərdə tutulub. Platformanın əsas müştəriləri binaları idarə edən şirkətlər, MTK-lar və digər idarəetmə qurumlarıdır. Rezidentlər isə platformanın gündəlik istifadəçiləridir.
Hər hansı binanın bu sistemə qoşulması üçün nə etmək lazımdır? Buna kim təşəbbüs göstərməlidir – bina sakinləri, yoxsa idarəçi şirkət?
Qonshu platformasına qoşulmaq üçün təşəbbüs həm bina sakinlərindən, həm də idarəçilərdən gələ bilər.
Hazırda sistem bina əsaslı fəaliyyət göstərdiyindən fərdi mənzillərin ayrıca qoşulması mümkün deyil. Bunun üçün binanın idarəetmə tərəfi ilə əməkdaşlıq qurulmalıdır.
Sakinlər də kollektiv şəkildə müraciət edərək bina rəhbərliyini və idarəçiləri platformaya qoşulmağa təşviq edə bilərlər.
Hər hansı binanı sistemə qoşmaq neçəyə başa gəlir? Bu ödəniş hansı formada həyata keçirilir – aylıq abunəlik, yoxsa birdəfəlik ödəniş? Məsələn, 100 və 500 mənzilli binalar üçün aylıq xidmət haqqı nə qədərdir?
Qonshu platformasına qoşulma şərtləri binanın ölçüsünə, profilinə, ehtiyaclarına və əməkdaşlığın formatına uyğun olaraq müəyyən edilir. Qiymətlərimiz cəmi 1 qəpikdən başlayır. Uzunmüddətli və strateji tərəfdaşlıqlar çərçivəsində isə bəzi binalara ödənişsiz istifadə imkanları da təqdim edirik.
Hər binanın idarəetmə modeli və ehtiyacları fərqli olduğundan qiymətləndirmə fərdi qaydada aparılır. Buna görə də 100 və ya 500 mənzilli binalar üçün vahid tarif müəyyənləşdirmək düzgün olmazdı.
Startap nə vaxtdan fəaliyyət göstərir? İndiyədək tətbiq edilibmi və edilibsə, neçə bina və neçə mənzil platformaya qoşulub?
Qonshu platforması 2026-cı ilin ilk yarısından etibarən bazarda test rejimində fəaliyyət göstərir. Artıq Bakının müxtəlif ərazilərində yerləşən binalarla əməkdaşlığa başlamışıq.
Müştəri portfelimizdə müxtəlif seqmentlərə aid binalar təmsil olunur. Hazırda platformaya qoşulan binaların sayı 20-yə, rezidentlərin sayı isə 10 000-ə yaxınlaşır.





![Azərbaycanda binaların idarə olunmasında yeni dövr başlayır – Yeni startapa 10 min sakin qoşulur - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/2605909.jpeg)
![Azərbaycanda binaların idarə olunmasında yeni dövr başlayır – Yeni startapa 10 min sakin qoşulur - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/3025671.png)








