İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi və buraya insanların köçürülməsi üçün görülən işlər fonunda Xankəndində bu sahədə ciddi bir yenilik baş verib.
Təqribən 1 il əvvəl Qarabağ Universitetində Biznes və İqtisadiyyat fakültəsi fəaliyyətə başlayıb. Ümumilikdə Qarabağ Universitetində yüksək səviyyəli təhsilin təşkil olunması ilə bağlı mühüm işlər görülsə də, Biznes və İqtisadiyyat Fakultəsi daha fərqli yol seçib. Burada Azərbaycanda və xaricdə təhsil almaş yerli müəllimlər, eyni zamanda xarici müəllimlər fəaliyyət göstərir.
Həmin şəxslərdən biri - Biznes və İqtisadiyyat fakültəsinin dekan müavini Əli Məmmədov fakültəsinin fəaliyyəti, burada tətbiq edilən yeniliklər, Qarabağ Universitetində iqtisadi təhsilin dünya standartlarına çatdırılması və tələbələr üçün yaradılan imkanalar barədə FED.az-ın suallarını cavablandırıb. Yeri gəlmişkən, Ə.Məmmədov həm də biznes sahəsində mütəxəssisdir, o, biznes strukturları üçün maraqlı olan bəzi araşdırmaların müəllifidir.
— Hər vaxtınız xeyir, Əli müəllim. Zəhmət olmasa, əvvəlcə özünüz haqqında məlumat verərdiniz. Siz buraya gələnə qədər harada təhsil almısınız, harada çalışmısınız və necə oldu ki, Qarabağ Universitetində fəaliyyətə başladınız?
— Diqqətinizə görə təşəkkür edirəm. Mən, Əli Məmmədov, 2005–2009-cu illərdə Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr təhsili almışam. Ondan sonra 2015–2016-cı illərdə Böyük Britaniyanın Liverpul Universitetində (University of Liverpool) Master of Business Administration üzrə MBA təhsilini almışam.
— Xarici təhsili dövlət dəstəyi ilə almısınız, eləmi?
— Xeyr, oxumağa öz hesabıma getmişdim, mən innovativ layihələr çərçivəsində qalib seçilmişəm. Təhsili bitirdikdən sonra da 3 ilə yaxın "Liverpool Science Park"da fəaliyyətlə məşğul olmuşam. Ondan sonra artıq vətənə geri döndüm, bir müddət korporativ mühitdə fəaliyyət göstərdim.
— Maraqlıdır ki, Azərbaycanda hansı sahədə çalışdınız?
— Müəyyən şirkətlərdə fəaliyyət göstərmişəm — telekommunikasiya, daha sonra parfümeriya sahəsində satışla bağlı sahələrdə çalışdıqdan sonra dövlət dəstəyi ilə doktorantura səviyyəsində təhsil aldım. 2019–2023-cü illərdə Dövlət Proqramı ilə yenidən Böyük Britaniyaya getmişəm, Ekseter Universitetində (University of Exeter) Biznes və Menecment fakültəsi üzrə doktorantura sahəsini bitirmişəm. Sonra isə vətənə qayıdaraq böyük fəxrlə Qarabağ Universitetində fəaliyyətə başladım.
— Mənə maraqlı gəldi ki, siz Liverpul Universitetində hansı innovativ layihəni təqdim edərək qalib gəlmişdiniz? Layihənin mövzusu nədir?
— Mənim layihəm böyük mağazalar şəbəkəsində müştəri məmnuniyyətini ölçmək üçün tam yeni bir modelin tətbiqindən ibarət idi. Təbii ki, detallar açıqlansa, söhbətimiz uzun çəkər. Amma layihə tamamilə innovativ yanaşmaya əsaslanırdı və müştəri məmnuniyyətinin tam şəffaf şəkildə ölçülməsi üçün yaradılmış bir model idi.
— Əli müəllim, Azərbaycanda hazırda böyük market şəbəkələri var və onlar da müxtəlif üsul və alətlərlə öz müştərilərinin məmnuniyyətlərini ölçürlər. Sizin layihədə həmin alətlərdən fərq nə idi?
— Ən böyük problem odur ki, müştəri böyük mağazalar şəbəkəsinə və yaxud hər hansı bir müəssisəyə daxil olduqda siz onların vaxtını almadan, ya da minimum alaraq maksimum effektivlik əldə eləmək istəyirsiniz. Müştəridən də bu vaxtı həmişə almaq və ya necə deyərlər, "oğurlamaq" mümkün olmur. Bizim model isə müştərinin marketdən çıxması və ya daxil olduğu vaxt o məmnuniyyəti təmin edərək, satış haqqında, o müəssisə və yaxud da satılan bir məhsul haqqında müştərinin məmnuniyyətini ölçməyə aiddir.
Bu model üzrə mən Böyük Britaniyada, belə deyək, universitetin tərkibində "Innovation səfir" proqramında qalib gəldim. Bu proqrama 1000 tələbədən biri seçilirdi, onlardan biri mən oldum. Orada bir neçə il fəaliyyət göstərdik "Science Park"da, layihəni inkişaf elətdirdik, sonra mən bu layihəni başqa bir əməkdaşa təhvil verdim, geri döndüm.
— Bu məsələni bir qədər də açıqlayaq, çünki biz biznes fəaliyyəti barədə yazırıq, bizim oxucularımız və dinləyicilərimiz bizneslə maraqlananlardır. Müştəri məmnuniyyəti indi də müxtəlif alətlərlə ölçülür, sizin layihədə fərq nədən ibarət idi?
— Bizim layihədə yanaşma "bu məhsullardan razısınızmı, razı deyilsinizmi" tərzində yox, məmnuniyyəti dolayı yolla, daha interaktiv, maraqlı şəkildə ölçməkdir. Kiçik prizlər, interaktiv söhbət vasitəsilə — müştərini yormadan, obyektiv və şəffaf bir şəkildə nəticə çıxardırdıq. Həm müştəri məmnuniyyətini ölçürdük, həm də müştərilərin ümumiyyətlə o müəssisəyə nə üçün yaxınlaşdığını təmin eləyirdik. İndi istənilən sahə üçün data analitikası çox önəmlidir, şəffaf datanın əldə edilməsi də gələcəkdə hər hansı bir tədqiqat üçün istifadə edilir. Bunun üstündə, belə deyək, uzun zaman araşdırma etdikdən sonra belə bir modeli təklif elədik, qəbul elədilər, biz də fəaliyyət göstərdik.
— Daha sonra siz ikinci universitetdə doktorantura oxudunuz?
— Doktorantura səviyyəsinə hazırlaşdıq, müsabiqəyə daxil olduq, qalib gəldik, ondan sonra artıq yollarımı Böyük Britaniyaya, Ekseterə istiqamətləndirdim. Bir neçə universitetdən qəbul almışdım, Ekseter Universitetinin biznes menecment sahəsini özüm seçdim. Orada da innovativ bir sahədə — yaşıl enerjinin şirkətin maliyyə göstəricilərinin (financial performance) ölçülməsi ilə bağlı bir sahəni araşdırdıq. Həqiqətən yaşıl enerjinin şirkətin, belə deyək, iqtisadi göstəricilərinə müsbət təsirini araşdırdıq.
— Doğrudan da, "yaşıl enerji"nin müəssisənin iqtisadi göstəricilərinə təsiri varmı? İndi yaşıl enerji, "green" enerji dünyada məşhurdur, çox böyük trendə çevrilib, amma doğrudan da realdırmı? Çünki biz baxırıq ki, yaşıl enerji bir az baha başa gəlir.
— Təbii ki, bizim 5 illik araşdırmanın nəticəsi olaraq, biz patentlər üzərindən araşdırma apardıq. Yəni texnoloji yeniliklər eləyən şirkətlərin patentlərini araşdırdıq, hansı ki, yaşıl enerjiyə uyğundur. Bilirsiniz, bu patentlərdə müəyyən spesifik kodlar var, məsələn, CPC, Y02 və sair. Bu kateqoriyanı götürüb dünya üzrə təxminən 500 min patent üzərindən analiz apardıq. Belə nəticəyə gəldik ki, bir qayda bütün şirkətlər üçün keçərli deyil. Şirkətlərin yaşı, şirkətlərin əzmi, fəaliyyət göstərdiyi sahələr — bu xüsusiyyətlər böyük rol oynayır. Ona görə ümumiyyətlə, "yaşıl enerji şirkətin iqtisadi göstəricilərini artırır" demək tamamilə doğru olmazdı.
Araşdırma nəticəsi belə oldu ki, kiçik və orta ölçülü şirkətlər, yəni əsasən yaşıl enerji sahəsində yaxşı patent istehsal eləyə bilirlər, əldə eləyə bilirlər, yenilik gətirə bilirlər. Amma bunun reallaşması prosesində çətinlik çəkirlər. Bu proses böyük şirkətlərdə daha rahatdır. Onlar bu yeniliyi daha tez və səmərəli şəkildə tətbiq eləyə bilirlər. Çünki həm logistik, həm də adi texniki təchizat baxımından fərqli imkanlara malikdirlər.
— Universiteti bitirəndən sonra Azərbaycana qayıtdınız, bəs necə oldu ki, Qarabağ Universitetinə gəldiniz?
— Qarabağ Universiteti... Açığı mən sizə bir söz deyim, yəni mən Ekseter Universitetində 5 ildən çox həm müəllim, həm də araşdırmaçı kimi fəaliyyət göstərmişəm, yəni researcher, həm də ki innovasiya mərkəzinin meneceri olmuşam. Qarabağ Universitetinin hal-hazırda — tam səmimi deyəcəm, bəlkə elə bunu insanlar maraqla qarşılayar — York Universitetindən, elə eyni zamanda Ekseter Universitetindən heç də geri qalan bir tərəfi yoxdur biznes məktəbində.
— Doğrudanmı?
— Bəli, yəni həm texniki təchizat, həm akademik heyət, həm də tədqiqatyönümlülüyü baxımından deyirəm. Təbii ki, yeni universitetdir, yeni qurulan bir ali təhsil müəssisəsidir, amma buna baxmayaraq, çox böyük bir yol qət eləyib. Yəni siz maddi-texniki təchizat baxımından vəziyyəti görürsünüz. Akademik heyətimiz də olduqca güclüdür, istər dekanımız olsun, istər müəllim heyəti olsun. Bizdə xaricdən gələn qonaqlar, müəllimlərimiz var.
— Sizdə Biznes və İqtisadiyyat fakültəsində neçə müəllim fəaliyyət göstərir? Bunların neçəsi xaricidir?
— Ümumilikdə 35 müəllim var. Bunların arasında Amerika Birləşmiş Ştatlarından və Böyük Britaniyadan olan müəllimlərimiz var, İspaniyadan da bir müəllimimiz var — təbii ki, milliyyəti azərbaycanlıdır, amma orada çox uzun müddət yaşayıb, orada ailə həyatı quran və fəaliyyət göstərən bir müəllimdir. Yəni akademik heyətdə professorlarımızın, əməkdaşlarımızın sayı artır, strategiyamız bundan ibarətdir ki, qərbyönümlü, müasir bir ali təhsil müəssisəsi olaq. Bu istiqamətdə də istər rektorluqdan, istər dekanlıqdan, istərsə də dövlətimizdən gələn dəstək əvəzolunmazdır. Yəni istənilən şəkildə təmin olunuruq və hərtərəfli, hər mənada dəstək var, yetər ki, akademik təhsil yüksək səviyyədə tədris olunsun.
— Azərbaycanda iqtisadi təhsil verən müəssisələr var — UNEC, ADA, hətta Bakı Dövlət Universitetinin özündə də iqtisadi təhsil var və s. Qarabağ Universitetində fərqli nə keçirilir? Yəni, necə deyərlər, proqramınızı fərqli, orijinal eləyən nədir?
— Biz bu il kurrikulumun yenilənməsi ilə bağlı çox ciddi işlər apardıq. Eyni zamanda, Ekseter Universitetindən, Oksford Universitetindən qonaq professorlar qəbul elədik, onlar bizim kurrikulumumuzun tam modern şəkildə hazırlanmasında bizə dəstək oldular, tam yeni, qərbyönümlü kurrikulum hazırlanması üçün bizə köməklik göstərdilər. Yeni modullarımızın tətbiqi və tədrisatı var, bunlar başqa universitetlərdə yoxdur. Məsəl üçün, data analitikası olsun, süni intellektin biznes layihələrinə inteqrasiyası olsun — bunları Azərbaycanda çox yerdə görə bilməyəcəksiniz, bunlar bizdədir.
— Bunlar ancaq sizdədir?
— Bəli, bunlar bizdədir, Azərbaycanda bunları çox yerdə görə bilməyəcəksiniz. Bunları hansı əsasda hazırlamışıq? Təbii ki, beynəlxalq standartlar, daha belə deyək, Qərbdə çox nüfuzlu universitetlərin professor heyəti ilə bir yerdə hazırlamışıq. Və bu yeniləmələr mütəmadi olaraq davam eləyir, yəni bu bir dəfəyə məxsus deyil. Misal üçün, il ərzində bir neçə dəfə onun üzərindən keçirik, tam olaraq yeni, belə deyək, müasir modulların tədrisi üçün əlimizdən gələni eləməyə çalışırıq.
— Soruşmaq istəyirdim ki, bizdə ənənəvi olaraq, yəni artıq neçə illərdir — son vaxtlar düzəlməyə başlayıb, amma yenə də hələ qalır — bizneslə iqtisadi təhsilin arasında bir uçurum var. Yəni tələbə təhsilini bitirir, gəlir biznesə çalışmağa və məlum olur ki, burada heç bir şey həminki kimi deyil. Düzdür, Qarabağ Universitetində hələ buraxılış olmayıb, amma siz yəqin nəzərə alırsınız da biznesin ehtiyaclarını? Yəni siz nəzərə alırsınız ki, tələbə məktəbi bitirib işləməyə gedəndə iş həyatında sürprizlə rastlaşmayacaq?
— Çox təbiidir, çox düzgün məqama toxunursunuz siz açığı. Biz ənənəvi təhsil sistemindən uzaqlaşmaq üçün məhz, belə deyim ki, bu sizin dediyiniz Qərb modern təhsil sistemini tətbiq edirik. Yəni tələbə təkcə nəzəriyyəni yox, eyni zamanda onun, belə deyək, praktiki olaraq tətbiqini öyrənməlidir. Buna görə tələbələrimiz üçün bizim xüsusilə ayırdığımız proqramlar var, hansı ki, o korporativ şirkətlərə, banklar olsun və yaxud da başqa şirkətlər olsun, ora gedib işləyirlər və müəyyən bir müddətdə orada təcrübə proqramı keçirlər. Eyni zamanda, "Capstone" layihələrimiz var, orada gedib layihələrdə iştirak edirlər, sırf o mühiti öyrənirlər ki, o mühitdə işlər necə gedir. Bu, birinci, ikinci, üçüncü və dördüncü kurs tələbələri üçün mütəmadi təşkil olunur.
— Tələbələr işləmək üçün hara gedirlər? Bunu maliyyələşdirmək imkanı varmı?
— Qarabağın özündə, Bakıda, başqa rayonlarımızda, bəli. Universitetimizin özü təbii ki, istənilən halda buna dəstək olur. Açığı, bu, hər universitetdə də görə biləcəyiniz məsələ deyil. Ona görə tələbələrimiz nəzəriyyə ilə yanaşı, biznes sferasını da inteqrativ və dinamik şəkildə öyrənməyə başlayırlar. Bu baxımdan, mən düşünürəm ki, Qarabağ Universiteti başqa universitetlərdən çox seçilir. Və bunu tələbələrin özündən də soruşsanız, görəcəksiniz ki, çox məmnundurlar bu baxımdan — nəzəri biliklərin praktiki olaraq həyata keçirilməsinin, yəni canlı-canlı gedib şirkətlərdə şahidi olurlar.
— İnşallah, tələbələriniz universiteti bitirib biznes həyatına qatılanda onda tam məlum olacaq ki, bu proses sizdə necə olubdur. Siz xaricdə təhsil almısınız, orada iş adamlarının gəlib "master-klass" keçməsi var, sonra təcrübə keçməsi var, əvvəlcədən tələbəni, necə deyərlər, bronlaması var ki, sonra gəlib bizdə işləsin. Belə bir şey sizdə olacaqmı, belə bir planınız varmı?
— Plan şəklində yox, artıq əməli fəaliyyətimiz də var, belə deyək. Hər bir müəllimimizin arzu olunan töhfəsi bundan ibarətdir ki, "guest lecturer" kimi, yəni qonaq mühazirəçi kimi biz o biznes sahəsində fəaliyyət göstərən əməkdaşları dəvət eləyirik, onlara burada qalmaq imkanı universitet tərəfindən yaradılır. Onlar gəlirlər, istər tələbələrə, istərsə də akademik heyətlə görüşlər keçirirlər, real keyslər üzərində dərs deyirlər. Əlbəttə, həm networking genişlənir, yəni tələbənin əlaqələri artır, həm də bu, tələbələrdə, belə deyək, bir stimul və motivasiya mənbəyi olur ki, məşhur şirkətlərdəki əməkdaşlarla ünsiyyətdə olmaq, onlardan təcrübə öyrənmək, real biznes keyslərində necə davranılmalı olduqlarını öyrənmək çox əhəmiyyətli bir şeydir.
— Aydındır, bir məsələni də sizdən soruşum. Bizə çox maraqlıdır, yəqin bizim izləyicilərimizə, onların övladlarına da maraqlıdır ki, biznes sahəsində təhsil alan tələbələr üçün sizin fikrinizcə, ən önəmli diqqət yetirilməli məsələ nədir, onlar nəyə fokuslansınlar? Çünki universitetlərdə dörd il ərzində tələbələrə böyük həcmdə dərslər keçirilir, bunların hamısı eyni dərəcədə vacib deyil. Onların hansı xüsusiyyəti onlara həm sonradan elmdə — doktorantura səviyyəsində belə — həm də iş sahəsində inkişaf etməyə kömək eləyə bilər? Çox biliklimi və ya ağıllımı olmalıdırlar, reytinqimi yaxşı olmalıdır, yoxsa çox adaptiv olmalıdırlar? Siz, necə deyərlər, Qərbi də, buranı da görmüsünüz, böyük təcrübəniz var...
— Əli müəllim, doğru sualdır, əsl yerində verilmiş bir sualdır deyə düşünürəm. Birinci növbədə təbii ki, hamımızın bildiyi dil — ingilis dili məsələsidir. Siz bilirsiniz, bizdə tədris ingiliscədir, yeni qəbullar artıq ingilis dilindədir. Mən deyərdim ki, bu, birinci növbədə olan məsələdir, yəni ingilis dilinə çox ciddi şəkildə diqqət ayrılmalıdır. Çünki siz o dili bilməsəniz, ingilis dilində olan beynəlxalq biznes terminologiyasını və standartlarını öyrənə bilməyəcəksiniz.
İkinci növbədə mən düşünürəm ki, şəxsi bilik və bacarıqların inkişaf etdirilməsi məsələləri gəlir — proqramlaşdırma, riyazi bilik və savadların artırılmasıdır. Biz biznes fakültəsi olaraq Python proqramlaşdırma dilinin — proqramlaşdırma dilinin atası-anasının tədrisini edirik fakültə daxilində, bu məcburi olaraq tədris edilir. Tamamilə doğrudur ki, Python proqramlaşdırma dili olmadan heç bir biznes düşünülə bilməz, bugünkü gündə xüsusilə. Baxmayaraq ki, süni intellekt çıxıb, biz süni intellektdən hazır məhsul kimi deyil də, tələbələrin yönləndirilməsi üçün istifadə edilməsini tövsiyə edirik, onlar da buna əməl eləyirlər, öyrənirlər. Paralel olaraq, əgər tələbənin vaxtı qalarsa, data analitikası və statistik proqramlaşdırma ilə bağlı SPSS, RStudio kimi proqramları öyrənməyi tövsiyə edirik ki, gələcəkdə onların çox işinə yarayacaq.
Üçüncü növbədə, gələcəkdəki, belə deyək, akademik karyeralarını düşünməsi baxımından — yəni əgər doktorantura səviyyəsinə qədər düşünürsə bir tələbə — araşdırma ruhlu olmalıdır və bunun da ən böyük motivasiyalarından biri analitik düşüncə qabiliyyətidir, hansı ki, biz bütün əqli və niyyət olaraq buna çalışırıq.
— Bu istedaddır, yoxsa sonra qazanıla bilər? Sonradan qazanmaq üçün nə eləməlidirlər?
— Bu, həm istedaddır, həm də sonradan qazanıla biləndir, mən belə düşünürəm. 4 illik bakalavr tədris prosesində professor və ya müəllim tələbəyə zaman içərisində düşünməyi, sorğulamağı, yəni bir biznes keysə sadəcə sıradan və səthi yanaşma yox, daha dərin yanaşmalar tətbiq etməyi öyrədir və bu, bir müddətdən sonra artıq vərdiş halını alır. Artıq istənilən zaman real həyat ssenarilərində o keyslə üzbəüz gələndə dərin düşünmə və araşdırma modellərini tətbiq edir. Bu, gələcəkdə onun doktorantura təhsili üçün də çox önəmli töhfə verir.
— Sonda bir şeyi də soruşum: siz xaricdə təhsil almısınız, bu məsələdə böyük təcrübəniz var, yəqin ki, bizim abituriyentlərimiz üçün də maraqlıdır ki, burada bakalavr təhsili alıb sonra magistraturanı xaricdə oxumaq üçün Qarabağ Universitetinin kurrikulumu və transkripti xarici universitetlərin (İngiltərə, Avropa, Amerika) tələblərinə cavab verirmi?
— Çox təbii ki, nəzərə almışıq bunu. Kurrikulum zəngin olmalıdır və bunu hazırlayanda nəzərə almışıq. Eyni zamanda, tədrisin ingilis dilində olması ikinci bir önəmli faktordur. Bundan başqa, tələbələrin həmin bəhs elədiyimiz yeni modulların — proqramlaşdırma, İT proqramlaşdırma, süni intellekt və data analitikasının tədrisi ilə bağlı aldıqları dərslər imkan verir ki, onlar artıq Qərb universitetlərini seçərkən çətinlik çəkməsinlər. Bundan başqa, daha bir önəmli məsələ — bizim akademik heyətin referansları da olduqca güclüdür, Western background deyirik, ona sahib olan müəllim və professorlarımız tələbələrə yaxşı referans verə bilirlər.
— Bəs xaricdən gələn müəllimlər necə olur öz ölkələrində işləmir, bura gəlir? Yəni onların Azərbaycanla sizdə olduğu kimi mənəvi bağlılığı yoxdur. Onlara yaxşı maaş və əlavə üstünlüklər təklif olunur?
— Belə deyək, indi Böyük Britaniyada bu akademik sferada vəziyyət bir balaca böhrandır, artıq miqrasiya ilə bağlı böyük problemlər yaşanır, bilirsiniz, ona görə böyük ixtisarlar var, istər universitetlərdə, istərsə də digər sahələrdə. Tək bu səbəb deyil, buradakı mühitin özü də əlverişlidir. Yəni Böyük Britaniyadan bura gələndə siz çox şey itirmiş olmursunuz, tam əksinə, təklif edilmiş bu imkanlar, yaradılmış şərait həm tədqiqat baxımından, həm də təhsil vermək perspektivi baxımından çox önəmlidir.
— Xarici müəllimlərə maaşdan başqa, hansı əlavə üstünlüklər verilir?
— Məsələn, evlə təmin edilir, gələn professorun özünün də kimliyindən asılı olaraq təyyarə bileti və digər mövzularda köməklik göstərilir.
— Məsələn, burada çalışan müəllimlərin maaşları hansı həddədir? Aylıq 4–5 min dollar həcminə çatır?
— İndi o barədə müvafiq qurumlar yəqin ki, daha dəqiq məlumat verər, amma mən sizə deyim ki, Avropadakı maaş səviyyəsi ilə rəqabət edəcək həddədir. Açığı deyim, yəni Avropadakı standartlardan daha yuxarıdır. Xarici müəllimlərin cəlb edilməsi prosesində də bu, bir motivasiya mənbəyi kimi çox önəmli rol oynayır.
— Siz özünüz xarici universitetlərdə araşdırmanızı davam elətdirirsiniz?
— Bəli, "Excelsior", "Edison" və Liverpul universitetlərinin hamısında araşdırmam davam eləyir. Müəyyən araşdırmalar var ki, biz orada iki professor heyəti ilə araşdırma eləyirik, bu, necə deyərlər, məni formada saxlayır. Amma əsas prioritet olaraq təbii ki, bizim Qarabağ Universitetidir. Bizim araşdırma ilə bağlı da böyük layihələrimiz var, inşallah onları da gerçəkləşdirəcəyik, araşdırma səviyyəsini daha yüksək səviyyəyə qaldırmaq, dünyada, yəni rəqabət apara biləcək zirvəyə çatmaq istəyirik. Baxmayaraq ki, gənc universitetdir, amma hədəfimiz budur, bu istiqamətdə irəliləyirik.
— Əli müəllim, sizə və Biznes və İqtisadiyyat fakültəsinə, eləcə də bütün Qarabağ Universitetinə uğurlar arzu eləyirəm ki, yeni azad olunmuş torpaqlarımızda belə gözəl universitet yaradılıbdır. Ümid eləyək ki, Qarabağ Universiteti gözlənilən ümidləri doğruldacaq və qarşısındakı hədəflərə nail olacaqdır. Sizə və tələbələrinizə uğurlar arzu edirik.













