Son bir neçə ildə Azərbaycan Cənubi Qafqazın ən sürətlə inkişaf edən rəqəmsal bazarlarından birinə çevrilib. Ölkə əhalisinin təxminən 90%-i internetdən istifadə edir, Kepios-un təhlilinə əsasən isə sosial mediadakı aktiv profillərin sayı cəmi bir il ərzində təxminən 20% artıb.
Biz dünyanın aparıcı rəqəmsal platformalarına çıxış imkanı yaradan Aleph Azerbaijan şirkətinin müştərilərlə iş üzrə baş tərəfdaşı (Sr. Client Partner) Elvin İsgəndərovla Azərbaycanda rəqəmsal marketinq bazarının real vəziyyəti, onun özünəməxsus xüsusiyyətləri, bizneslərin reklam büdcələrini ən çox hansı səhvlər səbəbindən itirməsi və qlobal miqyasda nisbətən gənc platforma sayılan TikTok-un yerli reklamverənlər üçün əsl potensialını niyə məhz indi açmağa başlaması barədə söhbət etdik.
- Elvin bəy, Azərbaycanda rəqəmsal marketinq bazarının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda rəqəmsal marketinq bazarı hazırda olduqca maraqlı inkişaf mərhələsindədir. İnternetin və sosial medianın istifadə səviyyəsi baxımından kifayət qədər yetkin bazar olsa da, məlumatlarla işləmək və nəticələri ölçmək mədəniyyəti baxımından hələ nisbətən gəncdir.
Ölkədə smartfonların və mobil bağlantıların sayı əhalinin sayından çoxdur. Hər 10 sakindən təxminən 9-u internetdən istifadə edir, sosial media auditoriyası isə son bir ildə təxminən 20% böyüyüb. Eyni zamanda, Azərbaycan əhalisinin median yaş göstəricisi kifayət qədər aşağı olan ölkədir. Bu isə səhərdən axşama qədər demək olar ki, telefonla yaşayan bir auditoriyanın mövcudluğu deməkdir.
- Bu vəziyyət – yəni əhalinin sürətlə «rəqəmsallaşması» - Azərbaycanın elektron ticarət bazarında özünü necə göstərir?
- Son illərdə elektron ticarət bazarı da bir neçə dəfə böyüyüb. Statista, ECDB və Asiya İnkişaf Bankının qiymətləndirmələri də daxil olmaqla müxtəlif araşdırmalara əsasən, 2025-ci ildə Азярбайъанда електрон тиъарят bazarınын həcmi 1,3 milyard dollardan təxminən 2 milyard dollara qədər qiymətləndirilir. Halbuki bir neçə il əvvəl bu göstərici cəmi bir neçə yüz milyon dollar səviyyəsində idi.
Analitiklərin gələcək artım templəri ilə bağlı proqnozları fərqlənsə də, bazarın həcmi artıq beş il əvvəlki göstəricidən bir neçə dəfə böyükdür. Başqa sözlə, rəqəmsal həllərə tələbat mövcuddur və bu tələbat bəzi bizneslərin dəyişikliklərə uyğunlaşa bildiyindən daha sürətlə artır.
- Bəs yerli bizneslər rəqəmsal mühitə necə keçirlər, bu zaman hansı xüsusiyyətlər müşahidə olunur? Azərbaycan bu baxımdan digər bazarlardan nə ilə fərqlənir?
- Birincisi, Azərbaycanda “vebsayt əvəzinə rəqəmsal platformalar” modeli geniş yayılıb. Çox sayda kiçik və orta biznesin ümumiyyətlə ayrıca vebsaytı yoxdur. Onların vitrini, məhsul kataloqu, müştərilərlə kommunikasiyası, hətta sifarişlərin qəbulu belə birbaşa mesajlar və ya WhatsApp üzərindən həyata keçirilir.
İkinci xüsusiyyət, Azərbaycan bazarının bazarınын çoxdilli olmasıdır. Auditoriyanın böyük hissəsi üçün əsas dil Azərbaycan dilidir. Lakin müəyyən seqmentlərdə, xüsusilə premium və şəhər auditoriyasına yönəlmiş sahələrdə rus və ingilis dilləri də mühüm rol oynayır. Kontenti yerli auditoriyanın dilinə və mədəniyyətinə uyğunlaşdırmaq əvəzinə sadəcə tərcümə edən brendlər istehlakçıların etibarını itirirlər.
Üçüncüsü, şəxsi etibar amili çox böyük əhəmiyyət daşıyır. İnsanlar həddindən artıq cilalanmış korporativ üslubdan daha çox tanış simalar, Bakının tanınan məkanları və təbii danışıq tərzi görmək istəyirlər.
- Elvin bəy, yerli bizneslər rəqəmsal reklamda ən çox hansı səhvlərə yol verirlər?
- Ən geniş yayılmış səhv başqa bazar, çox vaxt Türkiyə və ya Rusiya üçün hazırlanmış kreativ kontentin heç bir adaptasiya edilmədən Azərbaycan bazarında reklam kimi yayımlanmasıdır. Auditoriya bunu dərhal hiss edir.
İkinci səhv, uğurun potensial müştəri müraciətləri və satışlarla deyil, bəyənmə və izləyici sayı ilə ölçülməsidir. Yüksək əhatə göstəriciləri heç də gəlir əldə ediləcəyinə zəmanət vermir.
Üçüncü səhv - baza analitikasının demək olar ki, olmamasıdır. UTM etiketləri və izləmə pikselləri olmadan bizneslər hansı kanalın həqiqətən nəticə verdiyini müəyyən etməkdə çətinlik çəkirlər.
Dördüncü səhv isə kontentlə sistemli və ardıcıl işləmək əvəzinə reklam büdcəsinin vaxtaşırı, birdəfəlik kampaniyalara yönəldilməsidir. Halbuki uzunmüddətli perspektivdə sistemli və davamlı yanaşma daha yaxşı nəticələr verir.
- Hazırda reklam büdcələri televiziya və açıq hava reklamı (OOH) kimi ənənəvi kanallarla rəqəmsal kanallar arasında necə bölüşdürülür?
- Əslində, bu keçid artıq baş verib. Proses indi başlamır.
Tarixən televiziya və açıq hava reklamının əsas reklamverənləri olan iri beynəlxalq brendlər belə, son bir neçə ildə ənənəvi mediaya ayırdıqları büdcənin payını əhəmiyyətli dərəcədə azaldaraq vəsaitlərini rəqəmsal kanallara yönəldiblər.
Orta ölçülü və inkişaf etməkdə olan bizneslər — elektron ticarət, gözəllik, təhsil və xidmət sektorundakı şirkətlər isə əsasən rəqəmsal kanalları prioritet götürən biznes modeli əsasında formalaşıblar. Buna görə də onlar üçün bu, istiqamət dəyişikliyi deyil, başlanğıc nöqtəsi olub.
Ənənəvi reklam kanalları yox olmayıb və geniş kütləvi əhatə tələb olunan hallarda hələ də əhəmiyyətlidir. Lakin televiziya və açıq hava reklamı artıq büdcə baxımından əsas və dominant kanallar kimi əvvəlki mövqelərini itirib.
Rəqəmsal reklamın əsas üstünlüyü onun xərc effektivliyidir. Azərbaycanda reklam göstərimlərinin və test kampaniyalarının dəyəri Qərbi Avropa və ya Şimali Amerika ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağıdır. Bu isə bizneslərə eyni büdcə ilə daha çox hipotezi sınaqdan keçirmək və yalnız effektivliyi sübut olunmuş yanaşmaları daha geniş miqyasda tətbiq etmək imkanı verir.
- Elvin bəy, sizin təcrübənizə əsasən, TikTok yerli bizneslər üçün artıq tanış reklam kanalıdır, yoxsa hələ də yeni platforma kimi qəbul edilir?
- TikTok-u Azərbaycanda qətiyyən yeni platforma adlandırmaq olmaz. Artıq çox sayda biznes ondan aktiv istifadə edir və bu say sürətlə artır. Buna görə də mən TikTok-u eksperimental kanal hesab etməzdim.
Bununla belə, TikTok-un yalnız yeniyetmələr üçün nəzərdə tutulduğu barədə geniş yayılmış yanlış təsəvvür mövcuddur. Əslində isə platforma yetkin yaş qruplarını da əhatə edir və müxtəlif sahələrdə fəaliyyət göstərən brendlər üçün imkanlar yaradır.
Burada mühüm bir yerli xüsusiyyət də var: Azərbaycanda TikTok For Business vasitəsilə ödənişli reklamların rəsmi şəkildə yerləşdirilməsi yalnız 2024-cü ildən mümkün olub. Bundan əvvəl belə bir imkan ümumiyyətlə mövcud deyildi.
Nəticədə nadir bir vəziyyət yaranıb: platformanın auditoriyası artıq böyük və yetkindir, reklam bazarı isə hələ inkişaf mərhələsindədir. Bazara erkən daxil olan brendlər rəqabət güclənənə qədər mövcud imkanlardan yararlanmaq üçün real fürsət əldə edirlər.
- Elvin bəy, təmsil etdiyiniz «Aleph» şirkəti TikTok-un Azərbaycandakı rəsmi agentliyidir. Bu, reklamverənlər üçün hansı yeni imkanlar yaradır və praktikada nə deməkdir?
- Bu o deməkdir ki, bizneslər reklam platformasına çıxış əldə edir və xaricdə yerləşən platforma ofisi ilə birbaşa işləmək əvəzinə, onlarla həm sözün həqiqi, həm də məcazi mənasında eyni dildə danışan yerli komanda ilə əməkdaşlıq edirlər.
Biz reklam kampaniyalarının qurulmasında və ödəniş proseslərinin təşkilində, o cümlədən uzadılmış müddətli sonradan ödəniş şərtləri ilə kredit imkanının təmin edilməsində kömək edirik. Strategiya və kreativ həllərlə bağlı məsləhətlər veririk, moderasiya ilə əlaqədar suallar yarandıqda dəstək göstəririk. Bundan əlavə, bir çox hallarda yeni reklam formatları və funksiyalar geniş bazara təqdim edilməzdən əvvəl onlara çıxış imkanı əldə edirik.
Digər mühüm üstünlük isə Aleph-in yalnız Azərbaycanda deyil, dünyanın onlarla ölkəsində qlobal rəqəmsal platformalarla işləməsi və bazara kompleks həllər təqdim etmək üçün digər aparıcı kanalları da idarə etməsidir. Bu o deməkdir ki, biz reklamverənlərə yalnız yerli dəstək deyil, həm də beynəlxalq səviyyədə sınaqdan keçmiş təcrübə təqdim edirik. Digər ölkələrdə artıq nəticə vermiş yanaşmaları, formatları və uğurlu keysləri yerli auditoriyanın xüsusiyyətlərinə uyğunlaşdırırıq.
- TikTok-da Azərbaycan auditoriyası üçün hansı kontent həqiqətən effektivdir?
- Azərbaycan dilində təbii danışıq və subtitrlər tərcümə olunmuş kontentlə müqayisədə əhəmiyyətli dərəcədə daha yaxşı nəticə verir. Bu, birinci və ən vacib qaydadır.
İkincisi, yumor və yerli mədəni kontekst yaxşı işləyir. Lakin bunun üçün başqa bazarlardakı kontenti olduğu kimi təkrarlamaq deyil, onu aktual trendlərə, formatlara və populyar səslərə uyğunlaşdırmaq lazımdır.
Üçüncüsü, platformada həddindən artıq cilalanmış kontentdən daha çox səmimilik və təbiilik ön plana çıxır. Təbii danışıq, Bakının tanış məkanları və auditoriyanın tanıdığı simalar peşəkar şəkildə qurulmuş, lakin süni görünən çəkilişlərdən daha yaxşı nəticə verir.
Dördüncüsü, ardıcıllıq vacibdir. Stabil paylaşım tezliyi olmadıqda alqoritm hesabın inkişaf dinamikasını formalaşdırmaq üçün kifayət qədər məlumat toplaya bilmir.
- Azərbaycanda sosial ticarət, yəni birbaşa sosial media vasitəsilə alış-veriş necə inkişaf edir?
Əslində, sosial ticarət Azərbaycanda kənardan göründüyündən daha çox inkişaf edib. Sadəcə, bu proses bir qədər fərqli formada həyata keçirilir: platformalara inteqrasiya olunmuş "Al" düymələri vasitəsilə deyil, şəxsi mesajlar və WhatsApp üzərindən.
İstifadəçi video və ya "Story" görür, dərhal şəxsi mesaj göndərir və qiymət, ödəniş, çatdırılma kimi məsələləri birbaşa yazışma zamanı müzakirə edir.
Bu, region üçün klassik ticarət modelidir və hazırda tədricən TikTok-a da keçir. Brendlər xüsusi olaraq bu platforma üçün videolar hazırlayır, satış əməliyyatını isə şəxsi mesajlar və ya messencerlər vasitəsilə tamamlayırlar.
Ölkədə nağdsız ödəniş sistemlərinin və logistikanın sürətlə inkişaf etdiyini nəzərə alsaq, bu modelin böyüməsi üçün hələ də əhəmiyyətli potensial mövcuddur.
- Elvin bəy, нövbəti bir il ərzində Azərbaycanın rəqəmsal marketinq bazarında hansı trendləri gözləyirsiniz?
- Birincisi, reklam büdcələrinin daha böyük hissəsi qısa şaquli videolara — Reels və TikTok formatlarına yönələcək, statik formatların payı isə azalacaq.
İkincisi, yerli mikro-influenserlərə maraq artacaq. Çünki auditoriya çox vaxt böyük məşhur hesablarından daha çox onlara etibar edir.
Üçüncüsü, nəticələrin ölçülməsi mədəniyyəti tədricən inkişaf edir. Getdikcə daha çox brend və agentlik sadəcə yaxşı görünən əhatə göstəricilərindən uzaqlaşaraq potensial müştəri müraciətlərinə və satışlara əsaslanan düzgün analitikaya keçid edir.
Dördüncüsü, TikTok-un ölkədəki reklam ekosistemi sürətlə inkişaf etməyə davam edəcək. Azərbaycanda TikTok For Business vasitəsilə rəsmi reklam yerləşdirmə imkanının yalnız 2024-cü ildə yarandığını nəzərə alsaq, platforma və onun tərəfdaşları yerli reklamverənlərə göstərilən dəstəyi aktiv şəkildə genişləndirməyə davam edəcəklər.
- Rəqəmsal marketinqə yeni başlayan və TikTok-u nəzərdən keçirən bizneslərə nə tövsiyə edərdiniz?
Bir "mükəmməl" video axtarmayın. Bunun əvəzinə, kiçik büdcə ilə bir neçə fərqli yanaşmanı sınaqdan keçirin. Platformanın məhz sizin auditoriyanız üçün nəyin daha yaxşı işlədiyini müəyyən etməsi üçün məlumatlara ehtiyacı var.
İlk növbədə, həddindən artıq cilalanmış prodakşna deyil, yerli auditoriya üçün xüsusi hazırlanmış təbii və orijinal kontentə investisiya edin.
Nəticələri bəyənmələrin sayı ilə deyil, potensial müştəri müraciətləri və satışlarla ölçün.
Və rəqiblərinizin bunu sizdən əvvəl etməsini gözləməyin. Bazara erkən daxil olmaq brendlərə müxtəlif yanaşmaları sınaqdan keçirmək, auditoriyalarını daha yaxşı tanımaq və platformada təcrübə toplamaq üçün daha çox vaxt qazandırır.





![Azərbaycanda rəqəmsal marketinq: bazarın vəziyyəti, bizneslərin səhvləri və rəqəmsal platformaların ümumi mənzərədə rolu - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/3475460.png)
![Azərbaycanda rəqəmsal marketinq: bazarın vəziyyəti, bizneslərin səhvləri və rəqəmsal platformaların ümumi mənzərədə rolu - [red]MÜSAHİBƏ[/red] | FED.az](/upload/news/small/1728931.png)








