Ölkənin aparıcı investisiya şirkətlərindən olan “PAŞA Kapital” İnvestisiya Şirkəti “İnternational” BOKT ASC-nin istiqraz buraxılışını uğurla yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, BOKT “International” ASC tərəfindən emissiya edilən ümumi həcmi 1 milyon manat olan korporativ istiqrazlar 23 noyabr 2026-cı il tarixində “PAŞA Kapital”ın iştirakı ilə tam həcmdə yerləşdirilib.
Yerləşdirmə çərçivəsində 50 investor tərəfindən ümumilikdə 1 milyon manat məbləğində 50 sifariş təqdim edilib. Nəticədə istiqraz emissiyasının 100%-i uğurla reallaşdırılıb.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz investorlara təqdim edilib. İstiqrazların illik kupon faiz dərəcəsi 15%, tədavül müddəti isə 2 il təşkil edir. Kupon ödənişləri aylıq əsasda həyata keçiriləcək.














