Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyanın yanacaqdoldurma məntəqələrində (YDM) benzin və dizel yanacağı üçün maksimal qiymət həddini müəyyən etmək qərarı ölkənin yanacaq bazarına müsbət təsir göstərib.
Neft Fondunun investisiya portfelinin 4 %-i İtaliyadadır
FED.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Azərbaycan-İtaliya biznes-forumunda bildirib.
"Benzin və dizel yanacağının qiymətlərinin səviyyəsinin ən son həddinin müəyyən edilməsi barədə qərara görə SOCAR-a təşəkkür etmək istəyirəm. Bu, İtaliya vətəndaşlarına yanacaqdoldurma məntəqələrində yanacaq üçün daha az pul ödəməyə imkan verib. Biz bu addımı yüksək qiymətləndirdik. Mən bunu nazirə, eləcə də SOCAR nümayəndələrinə bir daha bildirdim. Bizim üçün bu, sadəcə olaraq iqtisadi siyasət sahəsində bir siqnal deyil, həm də unutmayacağımız bir dostluq təzahürüdür", - o deyib.
A.Tayani əlavə edib ki, hazırkı çətin beynəlxalq şəraitdə irəliləmək və maneələri dəf etmək qətiyyətini qoruyub saxlamaq lazımdır: "Azərbaycanlı dostlarımızı əmin edə bilərəm ki, İtaliya yüksək keyfiyyətli məhsullar ixrac edir. İtaliya mallarını almaqla, siz öz vətəndaşlarınıza ən yüksək səviyyəli məhsullar təqdim edirsiniz. Bu, ixracımızla bağlı verə biləcəyimiz ən yaxşı zəmanətdir". (Report)













