Rusiyanın cənubundakı ən böyük neft emalı zavodu kütləvi hava hücumundan sonra fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavodu ilin əvvəlindən bəri ən böyük hücuma məruz qalıb.
Qubernator Yuri Slyusarın sözlərinə görə, raket və dronların birgə hücumu altı saatdan çox davam edib. Ölkənin bütün cənubunu yanacaqla təmin edən neft emalı zavodu (Rostov vilayətindəki yeganə neft emalı zavodudur) emalı dayandırmaq məcburiyyətində qalıb.
Təcili yardım xidmətləri hazırda yanğınların nəticələrini aradan qaldırır. Qubernator işçilər və sakinlər arasında xəsarət alanın olmadığını vurğulayıb.
Qeyd edək ki, bu, son aylarda Novoşaxtinsk neft emalı zavoduna edilən üçüncü hücumdur. Ötən gecə Ukrayna dronları Tatarıstan Respublikası və Perm diyarındakı neft anbarlarına da dron hücumu edib.













