Sentyabrla müqayisədə tikinti xərcləri 3%, 2025-ci ilin dekabrından bəri isə 13,5% artıb.
Azərbaycanda yaşayış evlərinin tikintisinə daha az pul yatırılır – YENİ RƏQƏMLƏR
FED.az Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir ki, oktyabrda Tikinti İndeksi 113,5-ə yüksəlib. Bahalaşma tamamilə tikinti materiallarının qiymət dəyişiklikləri ilə əlaqəli olub. Əmək və tikinti texnikası xərcləri sabit qalıb.
Materialların bahalaşması əsasən taxta, gravil və şebenin qiymət artımı ilə izah olunur. Taxtanın 1 m³ qiyməti 380 AZN-dən 400 AZN-ə yüksələrək 5,3% artıb. Gravil 32 AZN-dən 35 AZN-ə bahalaşıb ki, bu da 9,4%-lik artımla ayın ən yüksək göstəricisidir. Şebenin qiyməti 35 AZN-dən 36 AZN-ə yüksəlib, atsepin qiyməti isə 35 AZN səviyyəsində qalıb.
Materiallar üzrə ümumi artımın təxminən 46%-i taxtanın, 41%-i gravilin, 13%-i şebenin payına düşüb. İndeksdə materialların 65%-lik çəkisi nəzərə alındıqda, onların bahalaşması ümumi göstəriciyə 3,3 bəndlik təsir göstərib.
Gravilin indeks hesablamasına ilk dəfə daxil edilməsi də aylıq dinamikanın formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu material nəzərə alınmasaydı, tikinti indeksinin aylıq artımı 3% deyil, 2,2% olacaqdı. Başqa sözlə, oktyabr artımının təxminən üçdə biri gravilin qiymət dəyişməsi ilə bağlıdır.
Əmək və texnika xərclərində isə hər hansı dəyişiklik qeydə alınmayıb. Tamet işinin 1 m² qiyməti 8 AZN, ekskavatorun gündəlik icarəsi 300 AZN, kranın 250 AZN, beton pompasının isə 200 AZN səviyyəsində qalıb. Bu sabitlik tikinti xərclərindəki artımın istehsal və xidmət komponentlərindən deyil, material təminatından qaynaqlandığını göstərir.
AQP-nin smeta modelinə əsasən, ümumi sahəsi 10 000 m² olan çoxmərtəbəli yaşayış binasının torpaqsız tikinti maya dəyəri oktyabrda 420,8 AZN/m² təşkil edib. Sentyabrda bu göstərici 409,3 AZN/m² olub. Aylıq artım 2,8% təşkil edib. Modelə birbaşa tikinti xərcləri ilə yanaşı, podratçı, developer, layihə və ekspertiza xərcləri də daxildir. Nəticədə, 100 m² sahənin torpaqsız tikinti maya dəyəri bir ay ərzində təxminən 40,9 min AZN-dən 42,1 min AZN-ə yüksəlib.
Tam istismara hazır vəziyyət üzrə indikativ tikinti dəyəri isə oktyabr üçün təxminən 875 AZN/m² qiymətləndirilir. Bu göstərici ayrıca smeta hesablaması deyil, indeks dinamikası əsasında formalaşdırılmış istiqamətverici qiymətləndirmədir. Model torpaq, ƏDV, liftlər, tam mühəndis kommunikasiya sistemləri, maliyyələşdirmə, satış və marketinq xərcləri, eləcə də kommunal qoşulma haqlarını əhatə etmir. Buna görə tikinti maya dəyəri mənzilin bazar satış qiyməti ilə eyniləşdirilməməlidir.
Oktyabr göstəriciləri developer və sifarişçilər üçün büdcə planlaşdırılmasında material qiymətlərinin dinamikasının ayrıca nəzərə alınmasının vacibliyini göstərir. Qiymətləndiricilər isə xərc yanaşmasında tikinti xərclərini qiymətləndirmə tarixinə uyğunlaşdırarkən indeks səviyyələrinin nisbətindən istifadə etməli və tətbiq edilən indeks buraxılışını hesabatda göstərməlidirlər.
Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak, avtomobil və tikinti indekslərini hər ay müntəzəm olaraq açıqlayır. Bu indekslər müvafiq bazarlarda qiymət və xərc dinamikasının izlənilməsi, təhlili və əsaslandırılmış qərarların qəbul edilməsi üçün mühüm informasiya mənbəyidir.













