Xəbər verildiyi kimi, bu ilin ilk 9 ayında otellərdə qalanların 1 milyon 72 min 408 nəfəri (55,9%-i) əcnəbi və vətəndaşlığı olmayan şəxslər, 845 min 325 nəfəri (44,1%-i) Azərbaycan vətəndaşları olub.
Azərbaycanda otellərdə ən çox və ən az işçi hansı rayonlardadır? – BÜTÜN REGİONLAR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, illik müqayisədə otellərdə qalan xarici turistlərin sayı 98 min 648 nəfər və ya 8,4% azalıb, Azərbaycan vətəndaşlarının sayı isə 22 min 87 nəfər (2,7%) artıb.
Bəs xaricdən gələn turistlərin otellərdə gecələmələrinin sayı niyə azalıb, bunun səbəbi nədir? Yerli vətəndaşların daha çox otellərdə qalması nədən irəli gəlir?
Bu sualın cavabını tapmaq üçün FED.az biznes və maliyyə xəbərləri portalı mövzunu Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri, turizm məsələləri üzrə eskpert Ceyhun Aşurov ilə müzakirə edib.
Ceyhun Aşurov deyir ki, 2026-cı ildə Azərbaycana gələn turistlərin sayında sentyabr ayına qədər təxminən 6 faizlik azalma qeydə alınıb, halbuki ilin ilk altı ayında bu göstərici 10 faizə yaxın idi:
“Beləliklə, bu il xüsusilə xarici turistlərin sayında ciddi azalma müşahidə olundu. Təbii ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Əsas səbəblərdən biri regionda baş verən hadisələrin Azərbaycanın hədəf turizm bazarlarına təsir etməsidir. Belə ki, əvvəllər Körfəz ölkələri, İran və İsraildən Azərbaycana kifayət qədər turist gəlirdisə, regiondakı müharibələr fonunda bu bazarlardan gələn turistlərin sayında kəskin azalma baş verib. Hindistan bazarında müşahidə olunan azalma da ümumi göstəriciyə təsir edib.
Düzdür, Azərbaycan bu itkiləri kompensasiya etmək məqsədilə digər bazarlarda tanıtım işlərini gücləndirməyə çalışır. Orta Asiya və Avropa ölkələrindən gələn turistlərin sayı artsa da, bu artım ümumi azalmanın qarşısını almaq üçün kifayət etməyib”.
Ekspert qeyd edir ki, otellərdə qalanların sayı ölkəyə gələn turistlərin sayından daha çox azalıb:
“Təbii ki, ölkəyə gələn turistlərin heç də hamısı otellərdə qalmır. Əgər ümumi statistikada turistlərin sayında azalma 6-10 faiz civarındadırsa, otellərdə qalan əcnəbi turistlərin, xüsusilə Bakıdakı hotellərdə gecələyənlərin sayında bu il təxminən 30 faizlik azalma müşahidə etdik. Xüsusilə yay aylarında bu azalma daha ciddi hiss olundu”.
Bölgədə baş verən müharibələrin insanların xaricə səyahət etmək istəyinə təsir etdiyini bildirən ekspert qeyd edir ki, əhali daha çox yerli turizmə üstünlük verir, nəticədə, ölkə vətəndaşlarının yerli otellərdə gecələmələrinin sayı da artır:
“Eyni zamanda, ölkədən getmə turizmi də hələ bərpa olunmayıb. Regionda baş verən hadisələr fonunda xaricə, xüsusilə münaqişələrin yaşandığı istiqamətlərə səyahət edən Azərbaycan vətəndaşlarının sayı da azalıb. Ümumiyyətlə, müharibə və qeyri-sabitlik dövrlərində insanlar səyahətə, xüsusilə xarici ölkələrə səfərlərə daha az meyilli olurlar. Nəticədə onların bir qismi istirahət üçün daxili turizmə üstünlük verir.
Müqayisə üçün qeyd edim ki, 2019-cu ildə təxminən 5,5 milyon Azərbaycan vətəndaşı ölkə xaricinə səyahət etmişdi. Lakin bu gün həmin göstəricinin hələ yarısına belə çatmamışıq. Bu isə daxili turizmə marağın artmasına səbəb olub. Beləliklə, xaricdən gələn turistlərin sayı azalsa da, Azərbaycan vətəndaşlarının ölkə daxilində, xüsusilə regionlardakı hotellərdə gecələmələrinin sayı artıb”.














