Azərbaycana gələn turistərin sayı azalıb. Turistlərin sayının azalması otellərdə gecələmələrə də təsir edib. Ancaq turistlərin otellərdə gecələmələri azalsa da, yerli vətəndaşların otellərdə gecələmələrində artım olub.
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 7 %-ə yaxın azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilmiş şəxslərin sayı 1 milyon 917 min 733 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76 min 561 nəfər və ya (3,8%) azalıb.
Bu ilin ilk 9 ayında otellərdə gecələyənlərin 1 milyon 72 min 408 nəfəri (55,9%-i) əcnəbi və vətəndaşlığı olmayan şəxslər, 845 min 325 nəfəri (44,1%-i) Azərbaycan vətəndaşları olub.
İllik müqayisədə otellərdə gecələyən xarici turistlərin sayı 98 min 648 nəfər və ya 8,4% azalıb, Azərbaycan vətəndaşlarının sayı isə 22 min 87 nəfər (2,7%) artıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 831 min 836 nəfər olub.
Bu, ötən ilin eyni dövrünə nəzərən 116 min 400 nəfər və ya 6% daha azdır. Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 948 min 236 nəfər idi.














