Azərbaycana müxtəlif ölkələrdən idxal olunan kərə yağları gömrük keçid məntəqəsindən pərakəndə satış şəbəkələrinə – marketlərə çatana qədər «yolda» 2 dəfə bahalaşır.
- Kərə yağlarının ən baha və ən ucuz satıldığı – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, QİYMƏTLƏR (Mart,2024)
- Azərbaycan kərə yağını hansı ölkələrdən - NEÇƏYƏ ALIR? - ÖLKƏLƏR, MƏBLƏĞLƏR
FED.az-ın apardığı araşdırma göstərir ki, kərə yağlarının idxal qiyməti ilə onun müştəriyə çsatış qiyməti arasında böyük fərq var və bu fərq hər il artmaqdadır.
Belə ki, 10 il əvvəl marketdə satılan xarici kərə yağının qiyməti ilə həmin yağın idxal qiyməti arasında cəmi 58% fərq var idisə, hazırda bu fərq 100%-i keçib, yəni 2 dəfədən artıqdır.
Belə ki, araşdırmaya əsasən, 2014-cü ildə Azərbaycana gətirilən kərə yağının 1 kiloqramının idxal qiyməti (burada və bundan sonrakı bütün hallarda söhbət il üzrə orta qiymətdən gedir – FED.az) cəmi 4,34 manat olub. Həmin yağın pərakəndə satış şəbəkəsində, yəni marketlərdəki son qiyməti isə 6,86 manat təşkil edib.
Başqa sözlə, kərə yağının marketdəki satış qiyməti – onun idxal qiymətindən 2,52 manat artıq olub ki, bu da «cəmi» 58% artım deməkdir. İlk baxışdan yağın qiymətinin gömrükdən marketə qədər 58% artması yüksək bahalaşma kimi götürülə bilər. Amma sonrakı illərin rəqəmləri göstərir ki, bu son 10 ildə ən zəif bahalaşmadır, sonrakı illərdə qiymətlər daha sürətli artıb.
Devalvasiyaların tar-mar elədiyi 2015-ci ilin iqtisadi göstəricilərini nəzərə almayanda 2016-cı ildə kərə yağının 1 kiloqramı ölkəyə 5,73 manatdan idxal edilirdi. Həmin yağın marketlərdə satış qiyməti isə artıq 10,57 manatı keçmişdi. Başqa sözlə, market qiyməti isə gömrük qiyməti arasındda fərq 4,84 manata və ya 85%-ə yüksəlmişdi.
2017-ci ildə bu fərq ilk dəfə 100%-i keçərək 104% təşkil etdi. Bu o demək idi ki, kərə yağının market qiyməti gömrükdə qeydiyyat qiymətini 2 dəfədən çox üstələyir. 2018-ci ildə bu rəqəm 75%-ə düşsə də, sonrakı illərdə yenidən artıb və 2019-cu ildə 95%-ə, 2020-ci ildə 98%-ə, 2021-ci ildən sonra isə 100%+ə yüksəlib.
Yenicə başa çatan 2023-cü ildə isə kərə yağının market və gömrük qiyməti arasında fərq daha yüksək həddə çatıb – 108%.
Belə ki, ötən il xaricdən Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 597 ton kərə yağı idxal edilib, yəni yağın 1 kiloqramının idxal qiyməti 9,47 manat olub. Onun marketdə satış qiyməti isə 19,67 manat, yəni gömrük qiymətindən 10,2 manat baha olub.
Təsəvvür edin ki, 2016-cı ildən 2023-cü ilədək kərə yağının idxal qiyməti cəmi 3,74 manat artdığı (9,47 manat – 5,73 manat) halda, onun marketlərdəki satış qiyməti 9,10 qəpik artıb. Yəni son 8 ildə marketlərdəki qiymətlər gömrükdəki qiymətlərdən 3 dəfə çox artıb.
Bunun əsas səbəbi ölkədə market şəbəkələrinin sürətlə böyüməsi və ərzaq mallarının satışında marketlər şəbəkəsinin payının artmasıdır. Bu sahədə rəqabətin azalması isə qiymətlərin yüksək səviyyədə saxlanılmasına səbəb olur.
Araşdırma onu da göstərir ki, xaricdən gətirilən kərə yağının idxal qiymətinin dəyişməsi onun marketlərdə satış qiymətinə satıcı üçün daha pis istiqamətdə təsir edir. Yəni bahalaşma olduqda yağın market qiyməti idxal qiymətindən daha sürətlə artır, yağın idxal qiyməti ucuzlaşanda isə bu market şəbəkəsində ya ümumiyyətlə hiss olunmur, ya da bu təsir cüzi olur.
Belə ki, 1 kq kərə yağının idxal qiyməti 2016-cı ildə 5,73 manat, 2017-ci ildə 8,23 manat, 2018-ci ildə 9,78 manat, 2023-cü ildə 9,47 manat, 2022-ci ildə 9,91 manat, 2021-ci ildə isə 8,93 manat olub.
Yəni 2017-ci ildə yağın gömrük qiyməti 44% artdığı halda, onun market qiyməti 59% artıb. 2019-cu ildə yağın qiyməti gömrükdə 11% ucuzlaşdığı halda, marketlərdə cəmi 1% ucuzlaşıb.
Bununla yanaşı orta idxal qiyməti 2022-ci illə müqayisədə 0,44 manat və ya 4% azaldığı halda, idxal yağların satış qiymətində son bir ildə cəmi 0,49 manat (2%) azalıb.
Xaricdən gətirilən yağların daxili bazarda satış qiyməti ilə orta idxal qiyməti arasında kəskin fərq son 10 ildə 2015-ci ildə təxminən 3 dəfəyədək artımla müşahidə olunub. 2018-ci ildə bu tendensiya 100%-dən aşağı düşsədə 2021-ci ildə yenə özünü qabarıq şəkildə göstərməkdədir.
Daha ətraflı aşağıdakı cədvəldə: