Rusiyanın “AİSA İT-Servis” şirkəti yerli K1892VM21Ya “Giperkom-U” prosessoru əsasında hazırlanmış qorunan sənaye smartfonu və planşetinin seriyaöncəsi nümunələrini təqdim edib.
FED.AZ xəbər verir ki, qurğular Rusiyanın “NPTs ELVIS” şirkətinin hazırladığı prosessorla təchiz edilib və “Avrora” əməliyyat sistemi ilə işləyir. Yeni cihazlar adi istehlak bazarından daha çox kritik informasiya infrastrukturu olan müəssisələr və ağır iş şəraiti üçün nəzərdə tutulub.
Yeni smartfonun əsas xüsusiyyətlərindən biri ekstremal şəraitə davamlılığıdır. Qurğunun -20°C-dən +50°C-dək temperaturda və 95%-dək rütubətdə işləyə bildiyi bildirilir. Smartfon toz və sudan IP68 səviyyəsində qorunur, istehsalçı həmçinin yüksək hermetiklik və zərbəyə davamlılıq xüsusiyyətlərini qeyd edir.
Barkodları oxuyur, elektron imzanı dəstəkləyir
Sənaye smartfonuna 1D və 2D barkod skanerləri quraşdırılıb. Cihaz vasitəsilə sənədləri redaktə etmək və kvalifikasiya edilmiş elektron imza ilə imzalamaq mümkündür.
Smartfonun proqram təminatı mərkəzləşdirilmiş qaydada yenilənə və cihaz müəssisələrin mövcud korporativ İT sistemlərinə inteqrasiya edilə bilər.
Yeni qurğuların potensial istifadəçiləri sırasında neft-qaz və hasilat müəssisələri, energetika və nəqliyyat şirkətləri, eləcə də fövqəladə və digər operativ xidmətlər göstərilir. Cihazların çətin iqlim şəraitində və əlçatmaz ərazilərdə istifadəsi nəzərdə tutulub.
-30°C-dən +60°C-dək işləyən planşet də hazırlanıb
Şirkət smartfonla yanaşı eyni “Giperkom-U” prosessoru ilə işləyən qorunan sənaye planşeti də təqdim edib.
Planşet 10 düymlük ekran, Ethernet, RS-232 və USB interfeysləri və 5000 mAh tutumlu akkumulyatorla təchiz olunub.
Smartfondan fərqli olaraq planşetin temperatur diapazonu daha genişdir – cihazın -30°C-dən +60°C-dək temperaturda işləyə bildiyi bildirilir. Planşet üçün elan olunan istismar müddəti 5 ildən çoxdur. Komplektə stilus, sinəyə və qola bərkidilmək üçün xüsusi tutacaqlar da daxildir. Planşet də IP68 qoruma standartına malikdir.
Cihazların simsiz rabitə modulları Rusiyanın NİİMA “Proqress” müəssisəsi tərəfindən hazırlanıb. Proqram platforması kimi korporativ istifadə və cihaz parkının mərkəzləşdirilmiş idarə olunmasına yönəlmiş “Avrora” əməliyyat sistemindən istifadə edilir.
Hələ satışda deyil
Bununla belə, yeni smartfon və planşet hələ kütləvi istehsala buraxılmayıb. Hazırda yalnız seriyaöncəsi nümunələr təqdim olunub. Növbəti mərhələdə seriyalı istehsala keçid və cihazların müəssisələrdə tətbiqi nəzərdə tutulur.
İstehsalçı smartfon və planşetin qiymətini, kütləvi istehsalın dəqiq başlanma tarixini və planlaşdırılan istehsal həcmini açıqlamayıb.












