İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə sentyabr sayını təqdim edib.
FED.az xəbər verir ki, İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.
Cari ilin yanvar-avqust aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə, pambıq iplik 62,2%, alüminium və ondan hazırlanan məmulatlar 42,8%, bitki və heyvan mənşəli piylər və yağlar 30,2%, qara metallar və onlardan hazırlanan məmulatlar 20,5%, pambıq lifi 17,8%, meyvə-tərəvəz 13,7%, çay isə 12,1% artıb.
2026-cı ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 19,2% artaraq 732 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 22,1% artaraq 255,8 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,9% artaraq 987,8 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (271,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (183,7 milyon ABŞ dolları) ikinci, tomat (172,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (36,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (31,7 milyon ABŞ dolları) ikinci, şaftalı (nektarinlər daxil olmaqla) (29,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-avqust aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 814,2 milyon ABŞ dolları, Türkiyəyə 435 milyon ABŞ dolları, Gürcüstana 386,5 milyon ABŞ dolları, İsveçrəyə 284,4 milyon ABŞ dolları, Ukraynaya isə 101,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin avqust ayında Rusiya Federasiyasına 82,5 milyon ABŞ dolları, Gürcüstana 58,5 milyon ABŞ dolları, Türkiyəyə 44,4 milyon ABŞ dolları, İsveçrəyə 37,9 milyon ABŞ dolları, Ukraynaya isə 16,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.












